[11.01.2005]
Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov Komissiya
üzvlərini bələdiyyə üzvü seçilmək haqqında vəsiqənin
nümunəsi ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası
həmin vəsiqə nümunəsinin təsdiq edilməsi haqqında
qərar çıxarmışdır.
Sonra 95 saylı Tərtər seçki dairəsi dairə seçki
komissyasının tərkibində dəyişikliklər edilməsi
barədə qərar qəbul olunmuşdur.
İclasda cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[06.01.2005]
Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasında 2004-cü il
dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərinin
yekunları haqqında məsələ müzakirəyə çıxarılmışdır.
17 dekabr 2004-cü ildə 2731 bələdiyyəyə seçki
keçirildiyinin, 38 041 nəfər namizədin seçkilərdə
iştirak etdiyini xatırladan Komissiya sədri
sözügedən seçkilərin qanun çərçivəsində, bələdiyyə
seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas
hərəkətlərin və tədbirlərin Təqvim Planına uyğun
şəkildə keçirildiyini qeyd etmişdir. MSK sədri
seçkilərdə şəffaflıq prinsipinə riayət olunduğunu,
yeli və xarıcı müşahidəçilərə, həmçinin kütləvi
informasiya vasitələrinin nümayəndələrinə müşahidə
aparmaları üçün lazımi şəraitin yaradıldığını
bildirmiş və müşahidə missiyasını həyata keçirdikləri
üçün onlara təşəkkür etmişdir. O, eyni zamanda
seçkilərin keçirilməsində köməyini əsirgəməyən
ABŞ, Böyük Britaniya, Fransa və Norveçin ölkəmizdəki
səfirliklərinə, İFES təşkilatına da minnətdarlığını
bildirmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov gündəlikdəki
məsələ barədə məlumat vermişdir. Seçici siyahılarındakı
4 551 246 nəfər seçicidən 2 109 267 nəfərin,
yəni seçicilərin ümumi sayının 46,34 faizinin
seçkilərdə iştirak etdiyini, ümumilikdə Respublika
üzrə seçkilərin baş tutduğunu, qanuna uyğun
şəkildə keçirildiyini qeyd edən MSK katibi Komissiya
üzvlərini Mərkəzi Seçki Komissiyasının 17 dekabr
2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin
ümumi yekunları haqqında qərarının layihəsi
ilə tanış etmişdir.
Komissiya üzvlərinin əksəriyyəti qərar layihəsi
ilə razı olduqlarını bildirmişlər. Onların ümumi
rəyi bundan ibarət olmuşdiur ki, bəzi qüsurların
olmasına, dairə seçki komissiyalarının bəzilərinin
sədrlərinin və bir sıra məntəqə seçki komissiyaları
üzvlərinin fəaliyyətlərindəki nöqsanlara baxmayaraq
bələdiyyə seçkiləri ümumilikdə Seçki Məcəlləsinin
tələblərinə uyğun şəkildə, normal keçmişdir.
Onlar bu seçkilərin keçirilməsi ilə dövlətimizin
demokratiyaya doğru daha bir addım adtığını
vurğulamışlar.
Mərkəzi Seçki Komissiyası 17 dekabr 2004-cü
ildə keçirilmiş bələdiyyə seçkilərinin ümumi
yekunları haqqında qərarı təsdiq etmişdir. Qərarın
lehinə 13, əlehinə isə 2 nəfər Komissiya üzvü
səs vermişdir.
MSK-nın qərarına görə, 21 471 nəfər bələdiyyə
üzvü seçilmişdir. Azərbaycan Respublikası Seçki
Məcəlləsinin tələbləri pozulduğundan 20 seçki
mənətəqəsində səsvermənin nəticələri dairə seçki
komissiyaları tərəfindən, 409 seçki mənətəqəsində
isə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyası
tərəfindən etibarsız hesab edilmişdir. Seçki
Məcəlləsinin 240.1.2-ci maddəsinin tələbinə
uyğun olaraq 135 bələdiyyəyə keçirilmiş seçkilər
etibarsız hesab edilmişdir. 50 seçki məntəqəsində
isə seçicilərin seçkidə iştirak hüququ pozulduğundan
həmin seçki komissiyalarının tərkibi buraxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.22-ci
maddəsinə əsasən 9 seçki dairəsi dairə seçki
komissiyalarının sədrlərinin öz vəzifələrinə
uyğun gəlmədikləri müəyyən edilmişdir.
İclasda ABŞ və Fransa səfirliklərinin, Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti