[23.06.04]
İyunun 23-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə seçicilərin təşəbbüs qruplarının
yaradılması vətəndaşın öz təşəbbüsü və ya seçicilərin
təşəbbüs qrupunun deputatlığa namizədi irəli
sürmələrinin qaydaları haqqında təlimat müzakirəyə
çıxarılmışdır. Bu məsələ barədə Mərkəzi Seçki
Komissiyasının katibi İnqilab Nəsirov məlumat
vermişdir. MSK həmin təlimatın təsdiqi barədə
qərar qəbul etmişdir.
Sonra Komissiya Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərdə deputatlığa namizədə, onun
səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə
dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin
verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
məsələyə baxmışdır. Mərkəzi Seçki Komissiyası
bu məsələnin müsbət həlli barədə qərar qəbul
etmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana
Qasımova 24 saylı Nizami birinci, 29 saylı Səbail
və 101 saylı Xanlar-Daşkəsən seçki dairələrində
Milli Məclisə seçkilər üzrə 2004-cü il oktyabrın
19-da əlavə seçkilərin keçirilməsinə hazırlıqla
əlaqədar keçiriləcək seminar-müşavirənin gündəliyi
barədə məlumat vermişdir. Komissiyanın üzvləri
seminar-müşavirənin gündəliyini bəyənmişlər.
İclasda 5 saylı Culfa-Babək, 65 saylı Sabirabad—Kürdəmir,
110 saylı Zaqatala və 113 saylı Şəki şəhər seçki
dairələri dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər edilməsi barədə qərar qəbul olunmuşdur.
MSK iclasının sonunda cari məsələlər müzakirə
edilmişdir.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə
Beynəlxalq Fondun Bakı ofisinin təmsilçiləri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti