
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI
Sentyabr-Oktyabr, 2009
www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az
Azərbaycan Respublikasında bələdiyyələrin səlahiyyət müddəti bitdiyi üçün növbəti bələdiyyə seçkilərinin 2009-cu ildə keçiriləcəyini nəzərə alaraq Mərkəzi Seçki Komissiyası hələ avqust ayından etibarən hazırlıq prosesini daha da intensivləşdirmişdi.
Respublika ərazisində mövcud olan 1718 bələdiyyəyə 15682 üzv seçilməsi ilə nəticələnməli bu seçki prosesinin hazırlanıb keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası müxtəlif layihələr üzərində çalışır, seçkilərin azad və ədalətli keçirilməsi məqsədilə lazımi addımlar atır.
Mərkəzi Seçki Komissiyasının 7 oktyabr 2009-cu il tarixdə keçirilmiş iclasında bələdiyyə seçkilərinin 23 dekabr 2009-cu ildə keçirilməsi ilə bağlı qərar qəbul edildi ki, bu da seçki marafonunun başlanğıcı oldu.
Sentyabr-oktyabr ayları ərzində seçki dairələrinin sərhədləri və seçicilərin sayının artım dinamikası bir daha nəzərdən keçirilmiş, yeni istifadəyə verilmiş yaşayış binaları və bu kimi faktorların seçki dairələrinin hüdudlarına təsiri təhlil edilmişdir. Habelə, Mərkəzi Seçki Komissiyasının 30 sentyabr 2009-cu il tarixli qərarı ilə bəzi seçki dairələrinin hüdudlarında edilmiş dəyişikliklərlə əlaqədar müvafiq addımlar atılmışdır.
Bunlarla yanaşı, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 29 may 2009-cu il tarixli Qanunu və “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununun icrası nəticəsində ortaya çıxan dəyişikliklər ilə əlaqədar yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarından rəsmi olaraq yaranan bələdiyyələr barədə dürüstləşdirilmiş məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən toplanmışdır.
Eyni zamanda hər bir seçki dairəsinin ərazisində yerləşən mövcud bələdiyyələr, əhalinin sayına görə bələdiyyələrə seçiləcək üzvlərin sayı, seçki məntəqələrinin dislokasiyası, seçki məntəqələri üzrə seçicilərin sayı, məntəqə seçki komissiyalarının tərkibi barədə məlumatlar toplanmışdır. Əldə olunan məlumatlar təhlil edilərək müvafiq addımlar atılmışdır.
Təhlil nəticəsində, respublika ərazisində mövcud olan 8 bələdiyyədə səsvermə məntəqəsi olmadığı aydınlaşdırılmış və həmin bələdiyyələrin ərazisində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq 12 seçki məntəqəsi yaradılmış və məntəqə seçki komissiyalarının formalaşdırılması təşkil edilmişdir.
Maarifləndirmə daima Mərkəzi Seçki Komissiyasının mühüm əhəmiyyət verdiyi sahələrdən biri olmuşdur. Seçicilərin və komissiya üzvlərinin məlumatlandırılması müxtəlif formatlı layihələr vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamı artıq maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası üçün bir sıra layihələrin hazırlanıb həyata keçirilməsi üçün istiqamətverici bir sənədə çevrilmişdir. Dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar da artıq Mərkəzi Seçki Komissiyasının mühüm layihələrindən birinə çevrilmişdir. Bu ilin də seçki ili olduğunu nəzərə alaraq hələ avqust ayı dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsi üçün 2 mərhələdən ibarət layihə hazırlanmışdır. Birinci mərhələ çərçivəsində dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirilmişdir. Bu kurslar 7-12 sentyabrda Bakı şəhərində keçirilmişdir. Kurslar zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə yanaşı respublikanın bir sıra ali dövlət qurumlarının – Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Daxili işlər nazirliyi, Baş Prokurorluq və Ədliyyə nazirliyinin məsul şəxsləri də iştirakçılar qarşısında mühazirələrlə çıxış etmiş və onlara fəaliyyətləri ilə bağlı müvafiq tövsiyələr vermişlər. Mühazirələrlə yanaşı keçirilmiş seminarlarda dairə seçki komissiyalarının sədrlərini maraqlandıran praktiki məsələlər müzakirə olunmuş və aydınlaşdırılmışdır. Tədris proqramı çərçivəsində, habelə, ATƏT-in Bakı ofisinin rəhbəri və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) ölkə direktoru da iştirakçılarla görüşmüşdür. Kurslarda 125 seçki dairəsi üzrə bütün dairə seçki komissiyaları sədrləri iştirak etmiş və müvafiq sertifikat almışlar.
Maarifləndirmə layihəsinin ikinci mərhələsində sözügedən kurslar dairələr üzrə dairə və məntəqə seçki komissiyası üzvləri üçün keçirilmişdir. 23-25 sentyabrda regionlarda keçirilmiş bu kurslarda rayonlara ezam olunmuş Mərkəzi Seçki Komissiyası təmsilçiləri ilə yanaşı yerli icra hakimiyyətləri, prokurorluq və məhkəmə orqanlarının nümayəndələri də komissiya tərəfindən təsdiq olunmuş tədris proqramında nəzərdə tutulmuş mövzularda məruzələr etmiş, seminarlarda verilən sualları cavablandırmışlar.
Mərkəzi Seçki Komissiyasının daima diqqət mərkəzində saxladığı sahələrdən biri olan beynəlxalq və xarici qurumlarla əməkdaşlıq bu ərəfədə daha da canlanmışdır. Sentyabr-oktyabr ayları qarşıdan gələn seçkilərə hazırlıqla maraqlanan beynəlxalq (xarici) qurumların məsul nümayəndələri ilə müxtəlif səviyyələrdə 10-dan yuxarı görüş keçirilmiş və birgə həyata keçirilən layihələrlə bağlı gündəlik əsaslarla işgüzar əməkdaşlıq davam etdirilmişdir. Seçki ərəfəsində bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Seçki prosesində şəffaflığın təmin olunması üçün effektiv vasitələrdən biri də KİV vasitəsilə məlumatların ictimaiyyətə çatdırılmasıdır. Ölkə ictimaiyyətini məlumatlandırmaq məqsədilə Mərkəzi Seçki Komissiyası mətbuat vasitələri ilə sıx əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyasının sədri sentyabr-oktyabrda yerli və beynəlxalq KİV nümayəndələri üçün 6 mətbuat konfransı keçirmiş və media mənsublarına seçkilərə hazırlıqla bağlı məlumat vermiş və onların suallarını cavablandırmışdı. Bundan əlavə, digər MSK təmsilçiləri isə bu aylarda müxtəlif televiziya kanallarına 24 dəfə müsahibə vermiş, komissiyanın fəaliyyəti ilə bağlı 35-dən artıq məqalə və açıqlamalar dərc olunmuşdur. Mərkəzi Seçki Komissiyasının 30-a yaxın mətbuat bülleteni, bir çox ictimai məlumatları və süjetləri KİV tərəfindən yayılmışdır. Aşağı seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar ölkə mətbuatı tərəfindən işıqlandırılaraq ictimaiyyətə çatdırılmışdır.
Bunlarla yanaşı, KİV nümayəndələri mütəmadi olaraq Mərkəzi Seçki Komissiyasının iclaslarına dəvət olunur və iclasın gedişini işıqlandırır.
Maarifləndirmə proqramının tərkib hissəsi olaraq, İctimai kanalda sentyabr-oktyabr ayları ərzində hər biri 22 dəqiqə olmaqla 7 proqram təqdim olunmuşdur. Bu proqramlar zamanı seçkilərə start verilməsindən təşviqat mərhələsinədək olan dövrü əhatə edən müxtəlif mövzular barədə Mərkəzi Seçki Komissiyası nümayəndələri çıxış etmişdir. Bununla yanaşı bu aylarda Komissiya təmsilçiləri tərəfindən “Azərbaycan” qəzetində seçicilər və aşağı seçki komissiyaları üzvləri üçün maraq doğuran mövzularda 3 məqalə verilmişdir.
Oktyabrın 8-də seçkilərin təyin edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı rəsmi dərc olunduqdan dərhal sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün komissiya zəruri olan bir sıra təlimat, qayda, izah və sənəd formalarını yenidən işləyərək təsdiq etmiş və dairə seçki komissiyaları bu sənədlərlə təmin olunmuşlar.
Seçkilər zamanı mühüm məsələlərdən biri də vətəndaşların seçkilərlə bağlı müraciətlərinə baxılması və müvafiq qərarların qəbul olunmasıdır. Bunu nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə uyğun olaraq vətəndaşların şikayət və müraciətlərinin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qrupları yaradılması prosesini diqqətlə izləmiş və lazımi tövsiyələr vermişdir.
Oktyabr ayı seçici siyahıları dəqiqləşdirilməsi üçün çap olunaraq dairə seçki komissiyalarına təqdim olunmuş, onlarsa öz növbəsində həmin siyahıları seçicilərin yoxlaması və lazımi düzəlişlər təklif etməsi məqsədilə seçki məntəqələrində asmışdır. Həmçinin seçicilər öz məlumatlarını həmişə olduğu kimi Mərkəzi Seçki Komissiyasının internet səhifəsində də yoxlaya bilər. Bu zaman seçicilər məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq “on-line” ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və lazımi dürüstləşdirmələr aparılır. Dairə seçki komissiyaları da öz növbəsində müvafiq qurumlardan seçicilərin yerdəyişməsi ilə bağlı aldıqları məlumatları Mərkəzi Seçki Komissiyasına ötürür və bununla bağlı lazımi addımlar atılır.
2008-ci ildən fəaliyyət göstərən seçkilərlə bağlı 115 nömrəli qaynar xətt artıq seçkilərdə iştirak edən tərəflərin etibarlı məlumat mənbəyinə çevrilmişdir. Avtomatlaşdırılmış bu xəttə sentyabr-oktyabr ayları ərzində 100-dən artıq müraciət daxil olmuşdu ki, bunların da əksəriyyəti hüquqi məsələlərlə əlaqədar idi.
Mərkəzi Seçki Komissiyası qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı dairə seçki komissiyalarının təchizatını araşdırır və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı addımlar atır. Səsvermənin təşkili üçün seçki qutuları, seçicilərin barmaqlarındakı mürəkkəbin yoxlanması üçün ultrabənövşəyi lampalar və tələb olunan digər ləvazimatlarla bağlı ehtiyaclar araşdırılır və lazımi tədbirlər görülür.
Sentyabr və oktyabr aylarında Mərkəzi Seçki Komissiyasının 5 iclası keçirilmiş və bu iclaslarda 24 qərar qəbul edilmişdir. Mahiyyəti etibarilə bu qərarlar növbəti bələdiyyə seçkilərinin təyin edilməsi, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planının təsdiqi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydiyyatı, bir sıra hüquqi-normativ sənədlərin təsdiqi və digər cari məsələlərlə bağlı olmuşdur.
Bələdiyyə seçkiləri elan edildikdən sonra qarşıdan gələn seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlar dairə seçki komissiyalarına müraciət etmiş və lazımi sənədləri təqdim etdikdən sonra imza vərəqələri ilə təmin olunmuşlar. Hal-hazırda namizədlərin təsdiqi və qeydiyyatı prosesi davam edir. Oktyabrın 31-dək namizədliyi təsdiq olunanların sayı 26769, imza toplayaraq artıq qeydə alınmışların sayı isə 3456 olmuşdur. 15 siyasi partiya öz namizədləri ilə bələdiyyə seçkilərinə qatılmışlar. Namizədlər haqqında məlumatların dairələrdən alınması prosesini asan və operativ qaydada həyata keçirmək üçün Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarını lazımi kompüter proqramı ilə təmin etmişdir. Bu proqramın köməyi ilə namizədlərin qeydiyyatı ilə bağlı toplanmış məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin mövcud seçki şəbəkəsi vasitəsilə gündəlik olaraq Mərkəzi Seçki Komissiyasına ötürülür və komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunur.
Dairə seçki komissiyalarında çalışan kompüter mütəxəssislərinin sözügedən proqram təminatı və Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi ilə bağlı məlumatlandırılması məqsədilə oktyabrın 7-dən 22-dək Mərkəzi Seçki Komissiyası tərəfindən treninqlər keçirilmişdir.
Dairə seçki komissiyalarının hüquqi-metodiki vəsaitlərlə təminatı baxımından da gərəkli addımlar atılmışdır. Belə ki, Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul olunmuş təlimat, qayda və izahlar kitabça şəklində 6 cilddə çap olunaraq dairə və məntəqə seçki komissiyası üzvlərinə paylanılmışdır. Hal-hazırda maarifləndirmə məqsədilə aşağı seçki komissiyası üzvləri, müşahidəçilər, namizədlərin vəkil edilmiş şəxsləri və seçki prosesinin digər iştirakçıları üçün yaddaş kitabçaları hazırlanmaqdadır.
23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi zamanı şəffaflığın təmin olunması ümdə məsələlərdən biridir. Seçki prosesini müşahidə etmək niyyətində olan vətəndaşlar müvafiq komissiyalara müraciət etmiş və onlar müşahidəçi qismində qeydiyyatdan keçirilərək onlara lövhəcik verilmişdir.
Seçkilərə dair bütün sənəd və məlumatlar Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilir. İnternet səhifəsində seçki sənədlərindən başqa, Mərkəzi Seçki Komissiyasının tərkibi, fəaliyyəti, komissiya katibliyinin strukturu, Seçki Məcəlləsi, aylıq hesabatlar, qəbul olunmuş qərarlar, təlimat, qayda və izahlar, əvvəlki seçkilər barədə məlumatlar, dairə və məntəqə seçki komissiyalarının tərkibi və ünvanları (şəhərlərdə sxematik xəritələri və həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələri haqqında məlumat), dairələrin əhatə etdiyi ərazi (dairə hüdudları), bir sıra statistik göstəricilər, seçici siyahıları, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı namizədlər haqqında gündəlik yenilənən məlumatlar, bələdiyyələrin siyahısı, onlara seçiləcək üzvlərin sayı, hər bir bələdiyyəyə səs verəcək seçki məntəqələri, onların yerləşdiyi ünvan, mətbuat üçün məlumatlar və bir sıra digər materiallar yerləşdirilmişdir. Sözügedən məlumatlar mütəmadi olaraq yenilənir və müvafiq əlavələr olunur.
Yuxarıda sadalanan bütün bu vasitələrdən istifadə etməklə Mərkəzi Seçki Komissiyası ölkə ictimaiyyətini maraqlandıran suallara aydınlıq gətirməyə çalışmış və seçicilərin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində addımlar atmışdır.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.