
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI
Noyabr-Dekabr (20 dekabradək), 2009
www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az
Azərbaycan Respublikasında 23 dekabr 2009-cu ildə keçiriləcək növbəti bələdiyyə seçkiləri yaxınlaşdıqca Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti daha da intensivləşmiş və layihələr icra olunaraq sona çatdırılmışdır.
Noyabr ayı ərzində bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı davam etmiş və yekunlaşmışdır.
Oktyabrın 9-dan başlayaraq namizədlikləri təsdiq olunan vətəndaşlar imza vərəqələri götürərək imza toplamışlar. 35094 iddiaçı imza vərəqi götürmüş və imza toplamış 33857 namizəd imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına (DSK) təqdim etmişlər. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 21342 nəfəri siyasi partiya təmsilçiləri və 12515 nəfəri isə müstəqil vətəndaşlar olmuşdur. Noyabrın 12-dək namizədlərin imza vərəqələrini qaytarması başa çatmışdır. Bu prosesin rəvan getməsi və təqdim olunan sənədlərdə nöqsanlara yol verilməməsi üçün dairə seçki komissiyaları namizədlərə lazımi tövsiyələr vermişdir. Dairə seçki komissiyaları da öz növbəsində təqdim olunmuş sənədləri araşdırmış və namizədlərin qeydiyyatına dair müvafiq qərar vermişdir. Namizədlərin qeydiyyatı prosesi 23 noyabradək davam etmiş və imza vərəqələrini geri qaytarmış 33857 iddiaçıdan 32449-u qeydə alınmışdır. İmza vərəqələrini geri qaytarmış 445 nəfər iddiaçı isə namizədliyinin qeydə alınmasından imtina etmişdir. İddiaçılardan 963-nün namizədliyinin qeydə alınması təqdim etdiyi sənədlərdə yol verilmiş ciddi qanun pozuntuları səbəbindən qeyri-mümkün olmuşdur.
Namizədlərin qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi məqsədilə bu barədə ətraflı məlumat “Seçkilər” informasiya şəbəkəsi vasitəsilə dairə seçki komissiyalarından alınaraq Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş və gündəlik yenilənmişdir. İnternet səhifəsində yaradılmış xüsusi axtarış sistemi vasitəsilə hər bir bələdiyyə üzrə qeydiyyatdan keçmiş namizədlər haqqında müfəssəl məlumat ictimaiyyətə təqdim olunmuşdur. Bununla yanaşı qeydiyyatdan keçmiş namizədlər haqqında məlumat yerli mətbuat orqanlarında da dərc olunaraq seçicilərin diqqətinə çatdırılmışdır.
Namizədlərin qeydiyyatı mərhələsində dairə seçki komissiyalarının qərarı ilə razı olmayan iddiaçılar MSK-ya müraciət etmişlər. Komissiyaya daxil olmuş müraciət və şikayətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən yaradılmış 9 nəfərdən ibarət ekspert qrupu tərəfindən araşdırılmış və Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunaraq qərar qəbul olunmuşdur. Mərkəzi Seçki Komissiyasına 66 müraciət daxil olmuşdur ki, bunlardan da 45-i namizədlərin qeydiyyatı ilə əlaqədar olmuşdur. Bu şikayətlərdə adı sadalanan və dairə seçki komissiyasının qərarı ilə razılaşmayan 76 iddiaçının sənədləri MSK tərəfindən yaradılmış müvafiq İşçi qrupu tərəfindən bir daha araşdırılmış və 60-nın müraciəti təmin olunaraq onlar seçkilərdə namizəd qismində iştirak hüququ qazanmışlar. Müraciəti təmin olunan bu namizədlərin 52-si siyasi partiya təmsilçiləri (Müsavat Partiyası- 25, Azərbaycan Ümid Partiyası - 21, Azərbaycan Demokrat Partiyası - 3, Müasir Müsavat Partiyası - 2, Azərbaycan Kommunist Partiyası – 1), 8-i isə bitərəf namizədlər olmuşdur. Qalan digər 16 iddiaçı ilə bağlı müraciətlərdə göstərilənlər təsdiqini tapmadığından müvafiq dairə seçki komissiyasının həmin vətəndaşların qeydə alınmasından imtina haqqında qərarı qüvvədə saxlanılmışdır (bitərəf - 6, Yeni Azərbaycan Partiyası – 4, Azərbaycan Ümid Partiyası – 3, Demokratik Azərbaycan Dünyası Partiyası – 2, Azərbaycan Demokratik Partiyası -1). Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər vaxtında və operativ qaydada araşdırılaraq müvafiq qərar verilmiş və seçicilər müraciətlərinin nəticələri ilə bağlı məlumatlandırılmışlar.
Ümumilikdə, 2 ay ərzində qəbul edilmiş 74 qərardan 56-sı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərlə əlaqədar olmuşdur. Mərkəzi Seçki Komissiyası tərəfindən müxtəlif bələdiyyələr üzrə 60 nəfərin namizədliyi təsdiq edilmişdir.
Qeydiyyat başa çatdıqdan sonra namizədlərin seçkiqabağı təbliğat mərhələsi başlanmışdır. Bu mərhələ seçki marafonunun mühüm fazalarından biridir. Mərkəzi Seçki Komissiyası namizədlər üçün bərabər şəraitin yaradılması məqsədilə bir sıra addımlar atmışdır ki, bu da eyni imkanlı seçkiqabağı təbliğatın təminatına yönəlmişdir. Namizədlərə ödənişli efir vaxtı təklif edən İctimai Televiziya və Radio Yayımları Şirkəti, APA İnformasiya agentliyi, Lent.az, “Riyad Media” İnformasiya agentliyi, “Azərbaycan”, “Respublika”, “Azad Azərbaycan”, “Səs”, “Üç nöqtə”, “168 saat”, “Müsavat” qəzetləri tərəfindən namizədlərə təklif olunan ödənişli efir vaxtı üçün müəyyənləşdirilmiş qiymətlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş və bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilmişdir. Habelə, hər bir seçki məntəqəsi ərazisində namizədlərin təbliğat materialları üçün 5000-dən artıq lövhələr qurulmuşdur. Seçkiqabağı təbliğatın mühüm bir tərkib hissəsi də namizədlərin seçicilərlə görüşləri və yığıncaqlarıdır. Bu məqsədlə Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra strukturları tərəfindən respublika ərazisindəki hər bir yaşayış məntəqəsində açıq və qapalı yerlər ayrılaraq namizədlərin ixtiyarına verilmişdir. Bu qəbildən olan yerlərin sayı 5000-ə qədərdir. Namizədlər dairə seçki komissiyasına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə edir. Ümumilikdə, namizədlərin seçicilərlə görüşməsi və onlara öz seçki ismarıclarını çatdırması üçün lazımi şərait yaradılmışdır.
Seçkilərdə iştirak edən tərəflərin maarifləndirilməsi MSK-nın böyük əhəmiyyət verdiyi sahələrdən biridir. Seçki prosesindəki iştirakçıların Seçki Məcəlləsinin tələbləri ilə yaxından tanış olması üçün bir sıra layihələr həyata keçirilmişdir. Maarifləndirmə proqramlarının əsas hədəfi seçicilər, aşağı seçki komissiyası üzvləri və digər seçki iştirakçılarıdır. Bu sahədə beynəlxalq qurumlarla da yaxından əməkdaşlıq edilir.
Bu qəbildən olan layihələrdən biri də MSK-nın Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və ATƏT-in Bakı ofisi ilə birgə həyata keçirdiyi “Seçki prosesinə müdaxilənin yolverilməzliyi” mövzusunda informasiya sessiyalarıdır. Layihə çərçivəsində noyabr ayı ərzində 3 sessiya nəzərdə tutulmuşdur ki, bunlar da Bakıda (16 noyabr, 2009), Şirvanda (17 noyabr, 2009) və Gəncədə (18 noyabr, 2009) keçirilmişdir. Tədbirdə Mərkəzi Seçki Komissiyasının, Prezident Administrasiyasının, ATƏT-in Bakı ofisinin nümayəndələri, respublika rayonlarının icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər. Tədbirin məqsədi seçki prosesinə müdaxilə kimi qiymətləndirilə biləcək hallar, xarici ölkələrin seçki təcrübəsində baş vermiş müdaxilə formaları və onların qarşısının alınması yolları barədə iştirakçılara məlumat verilməsi idi. Sessiyalar ərzində bir sıra məsələlər aydınlaşdırılmış və seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyi ətraflı müzakirə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda seçki komissiyalarının maarifləndirilməsi xüsusi vurğulanmışdır. Bunu əsas götürərək, Mərkəzi Seçki Komissiyası seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün mütəmadi olaraq layihələr hazırlayaraq həyata keçirir. 2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq proqramıdır. 2008-ci ildə Mərkəzi Seçki Komissiyası Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlamışdır. Bu trenerlər artıq dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayırlar. 2009-cu il bələdiyyə seçkiləri ilə bağlı aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlanmışdır. Birinci mərhələ çərçivəsində 23-26 noyabrda Bakıda Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən “Trenerlər üçün Treninq” keçirilmişdir. Bu treninq zamanı 236 yerli trener bələdiyyə seçkilərində səsvermə prosesi, əlaqədar prosedurlar və spesifik cəhətlər barədə məlumatlandırılmış, habelə əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə müzakirə olunmuş və iştirakçılara lazımi tövsiyyələr verilmişdir. MSK-nın Treninq qrupu dairələr üzrə dairə və məntəqə seçki komissiyalarının (DSK və MnSK) treninqləri üçün də müvafiq layihə hazırlamışdır. Layihəyə uyğun olaraq, MSK Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq onları disklərdə dairələr üzrə treninq qruplarına təqdim etmişdir. Aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsi dekabrın 1-dən etibarən başlamışdır. Yerli treninq qrupları Mərkəzi Seçki Komissiyasının Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən dairələr üzrə aşağı seçki komissiyaları üzvlərinin kiçik qruplar şəklində, əyani vəsaitlərdən istifadə etməklə treninqinə başlamış və bu proses 10 dekabradək davam etmişdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar. Habelə, bu treninqlər zamanı hər bir MnSK üzvünə “Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunə nüsxələri və bir sıra digər sənəd nümunələri təqdim olunmuşdur. Bütünlükdə bu treninqlərdə 25 000-dən artıq komissiya üzvü və DSK katibliyi əməkdaşı iştirak etmişdir.
Seçkilərlə bağlı maarifləndirmə məqsədilə Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (İFES) həyata keçirilmiş layihələrdən biri də ictimai təşkilatların və yerli seçki qurumlarının iştirak etdiyi “Müraciət və şikayətlər” mövzusunda regional seminarlar olmuşdur.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkil etdiyi zona seminar-məşğələlərində iştirak etmiş və bələdiyyə seçkiləri zamanı daxili işlər orqanlarının xidməti vəzifələrinin yerinə yetirilməsi, habelə Seçki Məcəlləsindəki müvafiq müddəalarla bağlı iştirakçılara məlumat vermişdirlər.
Maarifləndirmə layihələrinin hədəf kütlələrindən biri də seçkilərdə ən mühüm iştirakçı olan seçicilərdir. Elektoratın məlumatlandırılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilən müxtəlif formatlı layihələrin qayəsi olmuşdur. Bu məqsədlə, Mərkəzi Seçki Komissiyası ATƏT-in Bakı ofisi ilə birgə Xəzər televiziyası vasitəsilə yayımlanmış bələdiyyələrə dair “dəyirmi masa” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində ali dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilmiş və maraqlı müzakirələr aparılmış bu verilişlər noyabr ayı ərzində müxtəlif səpkili 4 televiziya proqramı olaraq yayımlanmışdır. Bu proqramlar bələdiyyələrin rol və vəzifələri, gələcək perspektivləri, qadınların bələdiyyə idarəetməsində iştirakı və bələdiyyə seçkilərində fəallığı, seçkilərə hazırlıq, görülmüş işlər və s. kimi vacib məsələlərin müzakirəsi şəraitində keçirilmiş və tamaşaçılar üçün bir sıra maraqlı məqamlar aydınlaşdırılmışdır.
Seçicilərin maarifləndirilməsinə yönəlmiş digər bir layihə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən həyata keçirilmişdir. Həftədə 2 dəfə yayımlanan proqramda Mərkəzi Seçki Komissiyası təmsilçiləri müxtəlif mövzularda seçiciləri məlumatlandırmışdırlar. Həmçinin, noyabr ayı ərzində yayımlanmış 2 proqramda dairə seçki komissiyalarının sədrləri həyata keçirdikləri tədbirlər və təmsil etdikləri seçki dairələrindəki son vəziyyət barədə ictimaiyyət qarşısında məlumat vermişlər.
Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış maarifləndirmə çarxları da seçicilərin məlumatlandırılmasında və təşviqində önəmli rol oynamışdır. “Adınızı seçici siyahısında yoxlayın”, “Seçicilərin öz adlarını Mərkəzi Seçki Komissiyasının internet səhifəsində axtarışı”, “Səsvermə proseduru” və “Seçkiyə çağırış” mövzulu çarxlar respublikada fəaliyyət göstərən müxtəlif telekanallara təqdim olunmuş və onlar tərəfindən müvafiq müddət ərzində yayımlanmışdır.
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə istiqamətində apardığı işlər sırasında müxtəlif səpkili çap vasitələrinin hazırlanması da vardır. Əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərilə də bağlı müxtəlif məzmunlu plakatlar və kitabçalar çap edilmişdir.
Komissiya seçicilərə seçkilərin vaxtı barədə məlumat verən, onları adlarını seçici siyahısında yoxlamağa dəvət edən, Mərkəzi Seçki Komissiyasının internet səhifəsi barədə məlumat verən, cağırış və s. xarakterli plakatlar və qarşıdan gələn bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsinə dair təqvim planını, seçki bülleteni və protokol nümunəsini böyük (A1) formatda çap edərək dairə seçki komissiyalarına təqdim etmiş və onlar da öz növbəsində bu materialları əhalinin sıx olduğu yerlərdə və seçki məntəqələrində asmışlar.
Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində mühüm rolu olan hüquqi-metodiki vəsaitlərin çapı da diqqət mərkəzində olmuşdur. Komissiya qəbul olunmuş təlimat, izah və qaydaları toplu şəklində çap etmişdir. 6 cildlik bu toplular, təqvim planı, “Seçki günü üçün yaddaş” və “Müşahidəçilər üçün yaddaş” kitabçası çap olunmuş və müvafiq olaraq hər bir seçki iştirakçısına təqdim olunmuş, həmçinin seçki dairəsi və məntəqəsinin məlumat guşəsində saxlanılması üçün əlavə nüsxələr paylanılmışdır. Seçicilərin səsvermə proseduru ilə bağlı maarifləndirilməsinə yönəlmiş məlumatları da özündə əks etdirən və 5 milyona yaxın tirajla çap edilərək hər bir seçiciyə təqdim olunmuş seçki günü haqqında bildiriş də mühüm əhəmiyyət kəsb edir.
Mərkəzi Seçki Komissiyasının prioritet hesab etdiyi sahələrdən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Noyabr-dekabr ayları ərzində bu əməkdaşlıq davam etdirilmişdir. Respublikamızda fəaliyyət göstərən bir sıra səfirliklərin nümayəndələri, Avropa Şurasının və ATƏT-in Bakı ofisləri, İFES və digər bu kimi qurumlarla mütəmadi əlaqə saxlanılmış və onlarla fikir mübadiləsi aparılmışdır. Həmçinin, bu aylar ərzində Avropa Şurasının Aqo monitorinq qrupu, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətləri Mərkəzi Seçki Komissiyasında olmuş və Komissiya sədri M.Pənahovla görüşmüşlər. Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi arasında mütəmadi keçirilmiş görüşlərdə həyata keçirilən birgə layihələr müzakirə olunmuşdur.
Ənənəyə uyğun olaraq, respublikada fəaliyyət göstərən müvafiq beynəlxalq və xarici qurumların nümayəndələri Mərkəzi Seçki Komissiyasının bütün iclaslarına dəvət olunmuş və iştirak etmişlər.
Noyabr ayında ən mühüm proseslərdən biri də seçici siyahılarının dəqiqləşdirilməsi olmuşdur. Seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün intensiv təşviqat kompaniyası elektron KİV-də davam etdirilmişdir. Dairə seçki komissiyaları müvafiq yerli qurumlarla birgə seçicilərin dairə üzrə hərəkətinə uyğun olaraq seçici siyahılarında lazımi düzəlişlər etmiş və bu barədə mütəmadi olaraq Mərkəzi Seçki Komissiyasını məlumatlandırmışlar. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçici siyahıları səsvermə gününə 35 gün qalanadək çap olunaraq seçki dairələrinə təqdim edilmiş və seçki məntəqələrində seçicilərin tanış olması üçün asılmışdır. Seçki gününə 25 gün qalmış siyahıların dürüst variantı təkrar çap edilərək dairə seçki komissiyalarına verilmiş, habelə dəqiqləşdirilmiş seçici bazası MSK-nın internet səhifəsində yerləşdirilmişdir.
Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşən seçicilərin axtarış sistemi də öz məlumatlarını yoxlamaq üçün seçicilərin ixtiyarında olmuşdur. Seçicilər adlarını seçici siyahısında tapmadığı halda elektron qaynar xətt vasitəsilə Komissiyaya müraciət etmiş və bu müraciətlər araşdırılaraq əsaslı müraciətlər təmin olunmuşdur.
Seçkilərlə əlaqədar 115 nömrəli və online qaynar xəttə noyabr-dekabr ayları ərzində 300-ə yaxın müraciət daxil olmuşdur ki, bunlar da əsasən namizədlər və seçicilər tərəfindən sorğu xarakterli idi.
Bələdiyyə seçkiləri üçün bülletenlərin hazırlanması və çapına noyabr ayı başlanılmışdır. Bülletenlərin forması və sayı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmuş və 1718 bələdiyyə üzrə səsvermə bülletenləri vaxtında çap olunaraq dairə seçki komissiyalarına təqdim olunmuşdur.
Seçki marafonu ərzində ictimaiyyətin məlumatlandırılması MSK üçün daha da mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, MSK noyabr-dekabr ayları ərzində də KİV-lə yaxından əməkdaşlıq etmiş və onlara seçkilərə hazırlıqla bağlı mütəmadi məlumat vermişdir. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın iclasları KİV üçün həmişə olduğu kimi açıq olmuş və iclasların vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılmışlar. Hazırda 12 televiziya, 6 radio verilişləri qurumu, 35 qəzet, 28 Agentlik, həmçinin 12 xarici KİV (“Röyters”, “Franspress”, “Mir”, “Anadolu Ajansı” və s.) Mərkəzi Seçki Komissiyasının tədbirlərində iştirak etmək üçün Komissiyada akkreditasiyadan keçmişdir.
Noyabr-dekabr ayları MSK üzvləri və əməkdaşlarının müxtəlif mövzularda 50-dən artıq çıxış, müsahibə və açıqlamaları elektron KİV-də işıqlandırılmışdır. Bu iki ay ərzində MSK sədri yerli və xarici KİV nümayəndələri üçün 5 mətbuat konfransı keçirmişdir. Mətbuat konfranslarında sədr MSK-nın həyata keçirdiyi son tədbirlər, seçkilərə hazırlıq istiqamətində görülmüş işlər barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Mətbuat vasitələrində də MSK-nın fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, iclaslar, təşkil olunmuş tədbirlər barədə mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap edilmişdir. Həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq komissiyanın qəbul etdiyi qərar və normativ aktlar rəsmi mətbu orqan olan “Azərbaycan” qəzetində dərc edilmişdir. Qəzetlərdə MSK-nın fəaliyyətilə bağlı 500-dən yuxarı material dərc olunmuşdur.
Seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində 2007-ci ildən həyata keçirilən islahatlar daha da genişləndirilir. Belə ki, 2007-ci ildən başlayaraq respublika ərazisində yerləşən 125 dairə seçki komissiyasının maddi-texniki bazası möhkəmləndirilmiş və onlardan 100-ə yaxını müasir standartlara cavab verən yeni inzibati binalarla təmin edilmiş, digərlərinin yerləşdiyi inzibati binalar isə əsaslı təmir olunmuşdur. Bütün dairə seçki komissiyaları müasir tələblərə cavab verən informasiya texnologiyası vasitələri və ofis ləvazimatları ilə təchiz olunmuşdur. 2008-ci ildən başlayaraq seçki məntəqələrinin daha yaxşı şəraitli binalarda yerləşdirilməsi bu seçki ərəfəsində də davam etdirilmiş və onların təchizatı diqqət mərkəzində saxlanılmışdır.
Mərkəzi Seçki Komissiyası qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı dairə və məntəqə seçki komissiyalarının təchizatı istiqamətində lazımi addımları atır. Belə ki, aşağı seçki komissiyaları lazımi çap materialları, səsvermə günü istifadə olunması məqsədilə seçki qutuları, gözə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənər, onlar üçün batareya, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə təchiz olunmuşdur. Təchizat baxımından həm məntəqə, həm də dairə seçki komissiyaları tam təmin olunaraq seçki gününə hazır vəziyyətə gətirilmişlər.
Noyabr və dekabr ayları ərzində Mərkəzi Seçki Komissiyasının 9 iclası keçirilmiş və bu iclaslarda 74 qərar qəbul edilmişdir. Mahiyyət etibarilə bu qərarlar siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması, Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvlərin təsdiqi, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması, əraziləri bir neçə seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə seçkilərin yekunlarının müəyyən olunması, müraciət etmiş təşkilatların “exit poll” keçirmək üçün qeydə alınması, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və Komissiyanın iclas protokollarının təsdiqinə aid olmuşdur.
Seçkilərin azad və ədalətli keçirilməsi üçün prosesin şəffaflığı mühüm əhəmiyyət daşıyır.
Bu seçkiləri də izləmək üçün 40906 yerli müşahidəçi akkreditə olunmuşdur. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərdən 1160 müşahidəçinin 153-ü siyasi partiyalar, 180-i qeyri-hökumət təşkilatları, digərləri isə öz təşəbbüsü ilə seçkilərin müşahidəsinə qatılmışdır. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müvafiq DSK tərəfindən akkreditə olunmuşdur. Bu qəbildən olan müşahidəçilərin sayı 39746-dır ki, bunlardan da 19163-ü siyasi partiyaları, 1172-si qeyri-hökümət təşkilatlarını təmsil edir və 19411 müşahidəçi isə öz təşəbbüsü ilə müşahidə aparır.
MSK tərəfindən akkreditə olunmuş 54 beynəlxalq müşahidəçi 13 beynəlxalq təşkilatı (Avropa Şurası, Avropa İttifaqı, Avropa İttifaqı Şurası, Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES), Milli Demokratiya İnstitutu və ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Belçika, Polşa, Bolqarıstan, Litva səfirlikləri) təmsil edir və 18 ölkə vətəndaşlarından ibarətdir.
Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəcik və müşahidəçilər üçün, habelə seçki günü üçün yaddaş kitabçaları ilə təmin olunmuşlar.
Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir. Artıq respublikamızın 4813 seçki məntəqəsindən 500-də (təxminən 10%-də) Mərkəzi Seçki Komissiyasının qərarı ilə veb-kameralar quraşdırılmışdır. Bu veb-karmeralar vasitəsilə istər ölkə daxilində, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini və səslər sayılaraq nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən müşahidə etmək mümkündür. Bu istiqamətdə işlər artıq sona çatdırılmış və veb-kameralar sınaqdan keçirilmişdir
Səsvermə günü exit-poll keçirmək niyyətində olan 2 təşkilat - “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq MSK tərəfindən qeydə alınmışdır.
MSK ictimaiyyətin asanlıqla əldə etməsi üçün seçkilərlə bağlı məlumatları öz internet səhifəsində yerləşdirir və mütəmadi olaraq yeniləyir. Noyabr-dekabr ayı ərzində davam etmiş namizədlərin təsdiqi və qeydiyyatı prosesi barədə məlumat, MSK-nın qəbul etdiyi qərarlar, normativ-hüquqi aktlar, sənəd formaları və fəaliyyətlə bağlı mətbuat bülletenləri operativ olaraq Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilmişdir. Habelə internet səhifəsindəki elektron poçt ünvanları vasitəsilə seçicilər öz müraciət, təklif və rəylərini MSK-ya ünvanlamaqdadır. Seçicilərin siyahılarda öz adlarını yoxlaması üçün internet səhifəsindəki seçicilərin axtarış sistemi seçicilər tərəfindən geniş istifadə olunur. İnternet səhifəsində seçkilər keçiriləcək bələdiyyələr, hər bir bələdiyyəyə səs verəcək seçki məntəqəsi, onun ünvanı, xəritəsi, məntəqə istiqamətindəki nəqliyyat vasitələrinin nömrəsi, seçkilərə hazırlıqla bağlı aylıq hesabatlar və s. məlumatlar yerləşdirilmişdir.
Səsvermə günü seçicilərin fəallığı və səsvermənin nəticələrinin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə MSK-ya ötürülməsi məqsədilə xüsusi proqram təminatı hazırlanmış, mütəxəssislər üçün onlardan istifadə qaydalarına dair treninqlər keçirilmiş və sistem dəfələrlə sınaqdan keçirilmişdir.
Seçkilərin azad, ədalətli keçirilməsi məqsədilə MSK lazım olan zəruri addımları atmış və ictimaiyyəti mütəmadi olaraq seçki prosesi barədə məlumatlandırmışdır.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.