Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
B Ə Y A N A T I
Ermənistan üçüncü tərəfin
köməyi ilə Azərbaycan Respublikası ərazilərinin
20 faizindən çoxunu işğal etmiş, etnik
təmizləmə apararaq bir milyondan artıq
azərbaycanlı əhalini həmin ərazilərdən,
o cümlədən Ermənistandakı tarixi vətənlərindən
didərgin salmışdır. Görünməmiş zorakılıq
nəticəsində uşaqlar, qadınlar və qocalar
qətlə yetirilmiş, minlərlə insan əsir
və girov götürülmüş, Xocalı soyqırımı
törədilmişdir.
Azərbaycan Respublikası
ərazisinin böyük bir hissəsinin Ermənistan
silahlı qüvvələrinin işğalı altında
olması, işğal altında olan Qarabağın
yuxarı hissəsində separatçı rejimin
mövcudluğu və Ermənistanın siyasi rəhbərliyinin
etnik təmizləmə aparması Avropa Şurasının
Parlament Assambleyası tərəfindən də
tanınmışdır (Qətnamə N1416 /2004/).
Ermənistan işğalı
qanuniləşdirmək üçün canfəşanlıq edir,
beynəlxalq hüququn hamılıqla tanınmış
prinsip və normalarına, beynəlxalq ictimaiyyətə
və demokratik dünyaya etinasızlıq göstərərək
işğal etdiyi Azərbaycan ərazilərini
azad etmək barədə Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurasının
mövcud qətnamələrini icra etməkdən boyun
qacırır.
Ermənistan Azərbaycan
ərazilərində Azərbaycan Respublikası
vətəndaşlarının əsas insan hüquq və
azadlıqlarını pozub “Dağlıq Qarabağ
Respublikası” deyilən qondarma bir qurum
yaradaraq, orada dəfələrlə seçki görüntüsü
yaratmağa cəhd etmişdir. İndi də işğalçı
qüvvələr bu il iyunun 19-da qondarma
respublikada yenidən “parlament seçkiləri”
keçirmək niyyətinə düşüblər. Azərbaycanın
işğal altında olan torpaqlarında yeni
seçki oyunu beynəlxalq hüquq normalarına,
Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına tamamilə ziddir. Bu həm
də Ermənistanın siyasi hakimiyyət dairələrinin
işğalın əsil mahiyyətini və səbəblərini
artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyəti
və dünya dövlətlərini çaşdırmaq, sülh
danışıqlarına əngəl törətmək cəhdidir.
Azərbaycan Respublikasının
Konstitusiyasına görə, heç bir sosial
qrup, təşkilat və şəxs hakimiyyətin
həyata keçirilməsi səlahiyyətini mənimsəyə
bilməz. Seçkilər və referendumlar Azərbaycan
Respublikasının Konstitusiyasına və
Seçki Məcəlləsinə əsasən keçirilməlidir.
Avropa Şurası Parlament
Assambleyasının Bürosu 6 iyun 2005-ci
il tarixli iclasının qərarı ilə qondarma
qurumda keçirilməsi nəzərdə tutulan
“parlament seçkilərini” müşahidə etməkdən
imtina etmişdir. Büro haqlı olaraq qeyd
etmişdir ki, heç bir dövlət tərəfindən
tanınmayan bu qondarma qurumda seçkilərin
keçirilməsi qeyri-qanuni və beynəlxal
hüquq normalarına ziddir.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası bildirir ki,
qondarma qurumdakı “seçkiləri” müşahidə
etmək niyyətində olan “müşahidəçilər”
beynəlxalq normalara etinasızlıq göstərməkdən
çəkinməlidirlər. Onların bu hərəkətləri
Azərbaycan dövlətinin suverenliyinin
kobud pozulması kimi qiymətləndiriləcəkdir.
Azərbaycan Respublikasında
dövlət hakimiyyətinin mənbəyini ümumi,
bərabər və birbaşa hüquq əsasında sərbəst,
gizli və şəxsi səsvermə yolu ilə keçirilən
seçkilərdə xalqın iradəsi təşkil edir.
Azərbaycan dövləti öz vətəndaşlarının
iradəsinin azad ifadə edilməsinə seçki
hüquqlarının prinsip və normalarının
müdafiə edilməsi ilə təminat verir.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası bəyan edir
ki, işğal altında olan ərazilərdə seçkilər
və referendumlar yalnız həmin torpaqlar
işğaldan tam azad edildikdən, Azərbaycanın
ərazi bütövlüyü bərpa olunduqdan və
həmin ərazilərdə yaşamış insanlar öz
daimi yaşayış yerlərinə qayıtdıqdan
sonra Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına əsasən keçirilə bilər.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan
dövlətinin suverenliyinə və ərazi bütövlüyünə
qarşı yönəlmiş belə “seçkiləri” qanunsuz
hesab edir və tanımır, beynəlxalq ictimaiyyəti
də buna çağırır.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 18 iyun 2005-ci il