Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
B Ə Y A N A T
I
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
regionunu və onun ətrafında yerləşən yeddi
rayonu zəbt edərək, yüz minlərlə azərbaycanlı
dinc əhalini doğma torpaqlarından didərgin
salmış işğalçı Ermənistan Respublikası
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələlərini
və işğal olunmuş torpaqların azad edilməsi
haqqında dünya ictimaiyyətinin tələblərini
uzun illərdir ki, qulaqardına vurur. İşğal
edilmiş Dağlıq Qarabağ regionunda yaradılmış
qondarma, heç bir dövlət tərəfindən tanınmayan
“DQR”-də bu il avqustun 8-də “yerli özünüidarəetmə
orqanlarına” qanunsuz “seçkilərin” keçirilməsi
cəhdləri beynəlxalq hüquq normalarına,
Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına zidd olmaqla, münaqişənin
sülh yolu ilə həlli istiqamətində aparılan
mövcud prosesə mənfi təsir göstərəcəkdir.
Azərbaycan Respublikasının Konstitusiyasına
görə, heç bir sosial qrup, təşkilat və
şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini
mənimsəyə bilməz. Konstitusiyanın 142-ci
maddəsinə əsasən yerli özünüidarəetmə
orqanları olan bələdiyyələrə seçkilər
bu Konstitusiya və digər müvafiq qanunlarla
myəyyən edilmiş qaydalara uyğun keçirilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
18-ci maddəsi müəyyən edir ki, ölkə ərazisində
yerli özünüidarə orqanlarına seçkilər
yalnız Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası tərəfindən keçirilə
bilər.
İşğalçı Ermənistanın hökumət dairələrinin
və separatçıların Dağlıq Qarabağ regionundan
qovulmuş on minlərlə yerli azərbaycanlı,
rus və digər millətlərdən olan seçicilərin
iştirakı olmadan Konstitusiyadankənar
“yerli özünüidarəetmə orqanlarına seçkilər“
keçirmək cəhdləri həmin vətəndaşların
seçki hüquqlarının kobud şəkildə pozulması
deməkdir. Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycanın dövlət
suverenliyinə və ərazi bütövlüyünə qarşı
yönəlmiş belə “seçkiləri” qanunsuz hesab
edir və tanımır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası bəyan edir ki, Dağlıq Qarabağ
regionunda qanuni yerli özünüidarə orqanlarının
formalaşması yalnız işğal olunmuş torpaqlar
tam azad edildikdən, Azərbaycanın ərazi
bütövlüyü bərpa olunduqdan, məcburi köçkünlərin
öz daimi yaşayış yerlərinə qayıtmasından
sonra Azərbaycan Konstitusiyası əsasında
keçirilə bilər.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 7 avqust 2004-cü il |