Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 iyun 2006-cı il tarixli
Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin
bələdiyyə seçkilərində iştirakına dair
T Ə L İ M A T
1. Bu Təlimat Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və Azərbaycan Respublikası Seçki Məcələsinin (bundan sonra – Seçki Məcəlləsinin) 12-ci və 14-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasında bələdiyyə seçkilərində iştirakına dair qaydaları müəyyən edir.
2. Seçki Məcəlləsinin 12.1-ci və 12.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan səxslər aşağıdakı hallarda seçkilərdə iştirak etmək hüququna malikdirlər:
2.1. bələdiyyələrə seçkilərin keçirildiyi gün (həmin gün də daxil olmaqla) 18 yaşına çatdıqda və bələdiyyələrə seçkilərin təyin edilməsinədək (seçkilərin təyin edilməsi ili də daxil olmaqla) 5 ildən az olmayaraq Azərbaycan Respublikasının ərazisində yaşadıqda.
3. Seçki Məcəlləsinin 12.1-ci və 12.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbilər aşağıdakı hallarda seçkilərdə iştirak etmək hüququna malikdirlər:
3.1. bələdiyyələrə seçkilərin keçirildiyi gün (həmin gün də daxil olmaqla) 18 yaşına çatdıqda və bələdiyyələrə seçkilərin təyin edilməsinədək (seçkilərin təyin edilməsi ili də daxil olmaqla) 5 ildən az olmayaraq müvafiq bələdiyyənin ərazisində yaşadıqda o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun.
4. Bu Təlimatın 2-ci və 3-cü bəndlərində göstərilən tələblərdən hər hansı birinə cavab verməyən şəxslər seçkilərdə iştirak edə bilməzlər.
5. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan səxslər və əcnəbilər bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak etmək istisna olmaqla, digər seçki hərəkətlərinin həyata keçirilməsində iştirak edə bilməzlər.
6. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin bələdiyyə seçkilərində iştirakı zamanı onların statusunu müəyyənləşdirən əsas sənəd 30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə verilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqədir.
Həmin şəxslərin Azərbaycan Respublikasında 5 ildən az olmayaraq yaşaması faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və onun şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqələri şöbələri tərəfindən təqdim olunan siyahı və ya müvafiq icra orqanlarının verdiyi sənədlərlə təsdiq edilə bilər.
6.1. Səsvermə günü bu Təlimatın 6-cı bəndində göstərilən sənədlər müvafiq seçicilərin şəxsiyyətini təsdiq edən sənəd hesab edilir və həmin şəxslərin səs vermələri üçün mütləq müvafiq məntəqə seçki komissiyası üzvlərinə təqdim edilməlidir.
7. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin müvafiq seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilməsi Seçki Məcəlləsinin 12-ci və 47-ci maddələrinə uyğun olaraq həmin şəxslərin müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən 5 ildən az olmayaraq yaşaması faktına əsasən həyata keçirilir. Bu fakt vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qeydiyyatını həyata keçirən orqan tərəfindən müəyyən edilir.
8. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, 18 yaşına çatmış vətəndaşlığı olmayan şəxslərin siyahısı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Seçki Məcəlləsində Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq dairə seçki komissiyasına təqdim edilir.
8.1. Bu Təlimatın 3.1-ci bəndində göstərilən məsələnin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) səsverməyə azı 90 gün qalmışadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə xarici ölkələrin qanunvericiliyində əcnəbilərin bələdiyyə seçkilərində iştirak etməsinə icazə verən dövlətlərin siyahısını təqdim etmək haqqında sorğu ilə müraciət edir. Sorğu nəticəsində əldə edilən məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 60 gün qalmışadək dairə seçki komissiyalarına göndərilir. Həmin məlumatlar əsasında dairə seçki komissiyaları əcnəbilərin siyahısını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və onun şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqələri şöbələri tərəfindən əldə edirlər.
8.2. Dairə seçki komissiyası səsvermə gününə azı 35 gün qalmışadək Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan səxslərin və əcnəbilərin siyahılarının onların yaşayış yeri üzrə məntəqə seçki komissiyallarına çatdırılmasını təmin edir.
8.3. Siyahılar üzrə göstərilən şəxslərin adlarının dəqiqləşdirilməsi və müvafiq düzəlişlərin edilməsi səsvermə gününə azı 35 gün qalmışadək Seçki Məcəlləsində müəyyən edilmiş qaydada məntəqə seçki komissiyası tərəfindən həyata keçirilə bilər.
9. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan 18 yaşına çatmış vətəndaşlığı olmayan şəxslər və əcnəbilər məntəqə seçki komissiyaları tərəfindən Seçki Məcəlləsinin 46-cı maddəsində göstərilən qaydada seçicilərin daimi siyahısına daxil edilir və həmin şəxslərə seçici vəsiqəsi verilir. Seçicilərin daimi siyahısına daxil edilərkən vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin adlarının qarşısında seçki komissiyasının katibi tərəfindən xüsusi qeyd aparılır.
9.1. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan 18 yaşına çatmış vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçicilər siyahısına daxil edilməsi, seçici siyahısından çıxarılması, onlara qeydiyyatdançıxma vəsiqələrinin verilməsi, seçicilər siyahısı ilə tanış edilməsi seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları üçün Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalara uyğun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi həmin məsələlərə aid qayda, əsasnamə və təlimatlarla tənzimlənir.
10. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan 18 yaşına çatmış vətədaşlığı olmayan şəxslər və əcnəbilər bələdiyyə seçkilərində səsvermə hüququnu həyata keçirən zaman Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
11. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan 18 yaşına çatmış vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən olunan qaydalara riayət etməməsi Seçki Məcəlləsinin 15.5-ci maddəsinə əsasən həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə səbəb olur.