Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 7 iyun 2006-cı il tarixli
Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında
T Ə L İ M A T
1. Azərbaycan Respublikasında bələdiyyə seçkilərində vətəndaşların öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan vətəndaşların yaratdıqları təşəbbüs qrupları tərəfindən bələdiyyə üzvlüyünə namizədin və ya namizədlərin irəli sürülməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 53-cü, 212-ci və 214-cü maddələri ilə nizama salınır
1.1. Bələdiyyə seçkilərində namizədlər həmin seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.
1.2. Namizədi irəli sürən subyektlərdən biri kimi seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi qanunvericilikdə və bu Təlimatda nəzərdə tutulmuş qaydada nizama salınır.
Seçki Məcəlləsinin 215-ci maddəsində nəzərdə tutulan qaydada əhalinin sayına nisbətdə:
əhalisi 99.999-dan çox bələdiyyədə - üzvlərinin sayı azı 30 nəfərdən,
əhalisi 49.999-dan çox bələdiyyədə - üzvlərinin sayı azı 25 nəfərdən,
əhalisi 19.999-dan çox bələdiyyədə - üzvlərinin sayı azı 20 nəfərdən,
əhalisi 9.999-dan çox bələdiyyədə - üzvlərinin sayı azı 15 nəfərdən,
əhalisi 4.999-dan çox bələdiyyədə - üzvlərinin sayı azı 10 nəfərdən,
əhalisi 4.999-dan az olan bələdiyyədə - üzvlərinin sayı azı 5 nəfərdən ibarət təşəbbüs qrupu yaradıla bilər.
Bunun üçün təşəbbüs qrupunu yaratmaq istəyən seçicilər öz yığıncağını keçirməlidirlər. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilərin müvafiq seçki dairəsinin ərazisində yaşaması faktı əsas götürülür. Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaş və ya vətəndaşlar tərəfindən bələdiyyə qurumunun rəhbərliyinə və ya ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edilə bilər. Həmçinin seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumları, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın yeri və vaxtı barədə məlumat verilir.
2. Yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:
2.1 Bu Təlimatın 1.3-cü bəndində göstərilən qaydada seçicilərin təşəbbüs qrupunun yaradılması və adlandırılması.
2.2 Qrupu təmsil edəcək şəxsin (təşəbbüs qrupunun nümayəndəsi) müəyyən edilməsi (bu şəxs iclasın sədri və ya katibi ola bilər).
2.3 Bələdiyyə üzvlərinin sayından az və ya həmin sayda namizədlərin irəli sürülməsi.
2.4 Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün dairə seçki komissiyasına bildirişlə müraciət edilməsi.
Yığıncağın gündəliyinə çıxarılaraq müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və yığıncağın protokolu tərtib edilir. Protokolu iclasın sədri və katibi imzalayır. İclasın protokolunun həmin qurumların, o cümlədən iclasın keçirildiyi yerin məxsus olduğu hüquqi şəxslərin möhürü ilə möhürlənməsi də mümkündür.
3. Bələdiyyə üzvlüyünə namizəd və ya namizədlərin seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülməsi üçün müvafiq dairə seçki komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
3.1. Seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu (bu Təlimata 4 saylı əlavə).
3.2. Hər bir namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (bu Təlimata 2 saylı əlavə).
- Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin, məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizəsi (bu Təlimata 3 saylı əlavə).
3.4. Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (bu Təlimata 5 saylı əlavə).
3.5. Namizəd və ya namizədlərin siyasi mənsubiyyətinə dair məlumat varsa, bu barədə təsdiqedici sənəd verilməlidir.
Belə halda, namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, bu bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.
Seçicilərin təşəbbüs qrupunun irəli sürdüyü bələdiyyə üzvlüyünə namizəd və ya namizədlərin sənədlərini müvafiq dairə seçki komissiyasına seçicilərin təşəbbüs qrupunun nümayəndəsi, habelə namizəd və ya onun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.
Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış həmin sənədləri təqdim etmiş şəxsə (təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə) verilir (Təlimata 6 saylı əlavə).
Dairə seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir.
4. Öz təşəbbüsü ilə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürən vətəndaş müvafiq dairə seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
4.1. Bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsinə dair bildiriş (bu Təlimata 1 saylı əlavə).
4.2. Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin, məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizəsi (bu Təlimata 3 saylı əlavə).
4.3 Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (bu Təlimata 5 saylı əlavə).
4.4 Namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd.
Belə halda, namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.
Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış namizədə və ya onun səlahiyyətli nümayəndəsinə verilir (bu Təlimata 6 saylı əlavə).
Dairə seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir.
ƏLAVƏ 1
ƏLAVƏ 3
ƏLAVƏ 4
ƏLAVƏ 5
ƏLAVƏ 6