Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 27 may 2006-cı il tarixli
Azərbaycan Respublikasında seçkilərin (referendumun) keçirilməsi ilə bağlı rəsmi sənədlərin saxlanılması qaydaları haqqında
T Ə L İ M A T
Azərbaycan Respublikasında seçkilərin (referendumun) keçirilməsi ilə bağlı rəsmi sənədlərin saxlanılması və ləğv edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 111-ci maddəsi və bu Təlimatla tənzimlənir.
1. Rəsmi seçki sənədlərinin saxlanılma qaydası
1.1. Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) səsvermənin nəticələri haqqında yekun protokolunun 2-ci nüsxəsi və ona əlavə edilən sənədlər, dairə və məntəqə seçki (referendum) komissiyalarının (bundan sonra – dairə və məntəqə seçki komissiyaları) səsvermənin nəticələri barədə protokollarının 1-ci nüsxələri və onlara əlavə edilən sənədlər, seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının yekun maliyyə sənədləri Seçki Məcəlləsinin 111.2-ci maddəsinə uyğun olaraq növbəti seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən başlayaraq azı 1 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır.
1.2. Dairə seçki komissiyanın protokolunun 2-ci nüsxəsi və ona əlavə edilən sənədlər Seçki Məcəlləsinin 107.5-ci maddəsinə uyğun olaraq komissiyanın fəaliyyətinin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.
1.3. Məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında yekun protokolunun 2-ci nüsxəsi və ona əlavə edilən sənədlər Seçki Məcəlləsinin 106.8-ci maddəsinə uyğun olaraq məntəqə seçki komissiyasının fəaliyyətinin sonuna kimi komissiyanın katibində saxlanılır.
1.4. Seçki bülletenləri və səsvermə vəsiqələri məntəqə seçki komissiyasının fəaliyyət müddəti başa çatana 2 gün qalmış dairə seçki komissiyasına təhvil verilir. Seçki bülletenləri və səsvermə vəsiqələri seçkilərin (referendumun) yekunlarının rəsmi dərci günündən başlayaraq azı 6 ay müddətində dairə seçki komissiyasında saxlanılır.
1.5. Seçici siyahıları 5 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır.
2. Seçkilərin (referendumun) keçirilməsi ilə bağlı rəsmi sənədlərin ləğv edilməsi qaydası
2.1. Məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri barədə protokollarının 1-ci nüsxələri və onlara əlavə edilən sənədlər, seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının yekun maliyyə sənədləri Seçki Məcəlləsinin 111.2-ci maddəsinə uyğun olaraq növbəti seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən başlayaraq, azı 1 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanıldıqdan sonra həmin sənədlər Dövlət Arxiv İdarəsi tərəfindən dövlət arxivinə təhvil verilməli sənədlərin siyahısına daxil edilməmişdirsə, yandırılaraq ləğv edilir.
2.2. Məntəqə və dairə seçki komissiyaları protokollarının 2-ci nüsxələri və onlara əlavə edilən sənədlər komissiyaların fəaliyyəti başa çatdıqdan sonra ləğv edilir.
2.3. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi 5 gün məlumat lövhəsində asılaraq saxlanıldıqdan sonra yandırılaraq ləğv edilir.
2.4. Dairə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində 10 gün saxlanıldıqdan sonra yandırılaraq ləğv edilir.
2.5. Mərkəzi Seçki Komissiyasının protokolunun 3-cü nüsxəsi və dairə seçki komissiyası protokollarının surətləri məlumat lövhəsində 15 gün saxlanıldıqdan sonra yandırılaraq ləğv edilir.
2.6. Seçki bülletenləri və səsvermə vəsiqələri seçkilərin (referendumun) yekunlarının rəsmi dərci günündən başlayaraq 6 ay keçdikdən sonra yandırılaraq ləğv edilir.
2.7. Seçici siyahıları 5 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanıldıqdan sonra yandırılaraq ləğv edilir.
2.8. Məntəqə və dairə seçki komissiyalarında ləğv edilməsi nəzərdə tutulan sənədlərin ləğvi həmin seçki komissiyalarının sədrləri tərəfindən müvafiq komissiyaların qərarları ilə, Mərkəzi Seçki Komissiyasında ləğv edilməsi nəzərdə tutulan sənədlərin ləğvi isə Mərkəzi Seçki Komissiyasının Katibliyi tərəfindən həyata keçirilir.
__________