Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 avqust 2009-cu il tarixli
23-9 saylı Qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun doldurulması qaydasına dair
İ Z A H
Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun (bu İzaha 1 saylı əlavə) doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 107-ci və 238-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokollarının 1-ci nüsxələri və onlara əlavə edilmiş digər müvafiq sənədlər məntəqə seçki komissiyalarının sədrləri və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvü tərəfindən dairə seçki komissiyasının sədrinə təqdim edildikdən dərhal sonra, dairə seçki komissiyası sədrinin tapşırığı ilə dairə seçki komissiyasının üzvləri bu sənədlərin Seçki Məcəlləsinin 106.7-ci maddəsinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayırlar. Bundan sonra səslərin hesablanmasına aid məlumatlar müvafiq bələdiyyələr üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının yekun protokoluna daxil edilir.
Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.
Qeyd: protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsi yolverilməz olduğuna görə, əvvəlcə onun q a r a l a m a nüsxəsi tərtib edilməlidir.
Dairə seçki komissiyasında səsvermənin nəticələri haqqında yekun protokolu tərtib edilərkən protokoldakı “Dairə seçki komissiyası səsvermənin nəticəIəri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək seçki dairəsindəki müvafiq bələdiyyə üzrə səsvermənin nəticəIərini müəyyən etmişdir” ifadəsindən sonra gələn aşağıdakı bəndləri müvafiq ardıcıllıqla doldurmalıdır:
“Bələdiyyə üzrə məntəqə seçki komissiyalarının sayı”sətrində müvafiq bələdiyyə üzrə mövcud olan və yeni yaradılmış seçki məntəqələrinin sayı göstərilir.
“Məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı” sətrində müvafiq bələdiyyə üzrə səsvermənin baş tutmadığı seçki məntəqələri istisna olmaqla, digər məntəqə seçki komissiyalarından təqdim edilmiş protokolların sayı göstərilir.
“Dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı” sətrində müvafiq bələdiyyə üzrə səsvermənin baş tutduğu seçki məntəqələrindən daxil olan protokolların sayı göstərilir (səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri məntəqə seçki komissiyalarının təqdim etdikləri protokollar istisna olunmaqla).
“Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı” sətrində müvafiq bələdiyyə üzrə səsvermənin baş tutduğu, lakin səsvermənin nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı göstərilir.
“Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı” sətrində təbii fəlakət, qarşısı alına bilinməyən digər hadisələrin baş verməsi nəticəsində, habelə seçkilərin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilmiş qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda yekun protokolunun tərtib edilmədiyi seçki məntəqələrinin sayı göstərilir.
Protokol aşağıdakı qaydada doldurulmalıdır:
1-ci bənd – bələdiyyə üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı
(1=1a+1b)
a) seçici siyahılarında olan seçicilərin sayı;
b) əlavə seçici siyahılarında olan seçicilərin sayı.
Məntəqə seçki komissiyaları protokollarının 1-ci bəndinin müvafiq olaraq “a” və “b” yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 1-ci bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi bu protokolun 1-ci bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır.
2-ci bənd – qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı
Məntəqə seçki komissiyaları protokollarının 2-ci bəndindəki rəqəmlər cəmlənərək bu bənddə qeyd olunur.
3-cü bənd – məntəqə seçki komissiyalarına bələdiyyə üzrə dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı
(3=4+5+6)
Məntəqə seçki komissiyalarının müvafiq bələdiyyə üzrə protokollarının 3-cü bəndindəki rəqəmlərinin cəmi bu bənddə qeyd edilir. Bu rəqəm dairə seçki komissiyasından müvafiq bələdiyyə üzrə məntəqə seçki komissiyalarına akt tərtib edilməklə verilmiş seçki bülletenlərinin sayına bərabər olmalıdır (əgər dairə seçki komissiyasının protokolu tərtib edilərkən seçki dairəsinə müvafiq bələdiyyə üzrə aid olan seçki məntəqələrinin hamısından daxil olmuş protokollar əsas götürülmüşdürsə).
Mötərizədəki hesablamada (3=4+5+6) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 4-cü (seçki bülleteni alan seçicilərin sayı), 5-ci (istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərin sayı) və 6-cı (korlanmış seçki bülletenlərinin sayı) bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır.
4-cü bənd –seçki bülleteni alan seçicilərin sayı
(4=4a+4b+4c)
a) səsvermə otaqlarından kənarda;
b) səsvermə otaqlarında – seçici siyahılarında [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı];
c) səsvermə otaqlarında – qeydiyyatdançıxma vəsiqəsi ilə.
Məntəqə seçki komissiyaları protokollarının 4-cü bəndinin “a”, “b” və “c” yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 4-cü bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi protokolun 4-cü bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır.
5-ci bənd – istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 5-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
6-cı bənd – korlanmış seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 6-cı bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur.
7-ci bənd – seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri istisna edilməklə)
(7=7a+7b); (7≤4); (7=8+9)
a) daşınan seçki qutularında (7a≤4a);
b) daşınmaz seçki qutularında (7b≤4b+4c).
Məntəqə seçki komissiyaları protokollarının 7-ci bəndinin “a” və “b” yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 7-ci bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi protokolun 7-ci bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır. Protokolun 7a yarımbəndindəki rəqəm protokolun 4a yarımbəndindəki rəqəmdən, 7b yarımbəndindəki rəqəm isə 4b və 4c yarımbəndlərdəki rəqəmlərin cəmindən az və ya onlara bərabər olmalıdır. Mötərizədə verilmiş kiçik bərabərlikdə (7≤4) göstərildiyi kimi, 7-ci bəndin rəqəmi protokolun 4-cü bəndindəki rəqəmdən az və ya ona bərabər olmalıdır. 7-ci bəndin rəqəmi protokolun 8-ci (etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı) və 9-cu (etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı) bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır (7=8+9).
8-ci bənd – etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı (namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamış və ya seçilməli olan bələdiyyə üzvlərinin sayından çox işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı).
Məntəqə seçki komissiyaları protokollarının 8-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
9-cu bənd – etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı (namizədlərin soyadlarından sağdakı kvadratlarda seçilməli olan bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenləırinin sayı).
Məntəqə seçki komissiyaları protokollarının 9-cu bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Səslər hesablanarkən seçki qutularından çıxmış müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri sayılaraq aktlaşdırılır və həmin akt bu protokola əlavə edilir.
10-cu bənd – etibarlı hesab edilmiş səslərin sayı (qanunauyğun doldurulmuş müəyyənləşmiş formada olan etibarlı hesab edilmiş seçki bülletenlərindəki səslərin sayı)
(10=11)
Məntəqə seçki komissiyaları protokollarının 10-cu bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir. Mötərizədə verilmiş bərabərlikdə (10=11) göstərildiyi kimi bu bəndin rəqəmi 11-ci (etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvülüyünə namizədlər arasında bölünməsi) bəndin cəminə bərabər olmalıdır.
11-ci bənd – etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvlüyünə namizədlər arasında bölünməsi
Protokolun bu bəndində seçki bülletenuinə daxil edilmiş bələdiyyə üzvülüyünə namizədlərin soyadı, adı, atasının adı seçki bülletenindəki ardıcıllıqla əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Məntəqə seçki komissyalarının protokollarındakı hər bir namizədin lehinə verilmiş səslərin cəmi dairə seçki komissiyasının protokolunda həmin namizədin lehinə verilmiş səslərin sayı qrafasında sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu rəqəm protokolun 10-cu bəndinə (etibarlı hesab edilmiş səslərin sayına) bərabər olmalıdır. Bu sayda bərabərlik olmazsa protokol etibarsız sayılır.
12-ci bənd – bələdiyyə üzvü seçilmiş namizədlər
Protokolun bu bəndində bələdiyyə üzvlüyünə seçilmiş namizədlərin soyadı, adı, atasının adı qeyd edilir.
Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.
Protokol tam doldurulub qurtardıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.
Səsvermənin nəticələri haqqında yekun protokolu dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan dairə seçki komissiyasının üzvü protokolu imzalayaraq ona özünün xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.
Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 107.4-cü maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi qüvvələri təmsil edən iki üzvünün müşaiyəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir:
- dairə seçki komissiyası protokolunun 1-ci nüsxəsi;
- səsvermə günü dairə seçki komissiyasına Seçki Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar
- Seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı,adı,atasının adı eyni olduqda, onların doğulduqları il, ay, gün də göstərilməlidir.
- daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar;
- bələdiyyə seçkilərində seçki bülletenlərinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi haqqında akt (2 saylı əlavə);
- bələdiyyə seçkilərində istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (3 saylı əlavə);
- bələdiyyə seçkilərində səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməmiş vəsiqələrin ləğv edilməsi haqqında akt (4 saylı əlavə).
Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
Şikayətlərin (ərizələrin), dairə seçki komissiyası qərarlarının və yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
Qeyd: 1. Məntəqə seçki komissiyasının protokolu tərtib edilən zaman ehtiyatsızlıqdan hər hansı bir xətaya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama və s.) yol verilmişdirsə və bunun nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün deyilsə, müvafiq dairə seçki komissiyası protokolu qəbul etdikdən sonra həmin məntəqədə səslərin yenidən hesablanması haqqında qərar qəbul etməlidir. Səslərin yenidən hesablanması dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır, onlar tərəfindən həmin məntəqə üzrə səsvermənin nəticələrinə dair protokol tərtib edilərək imzalanır, dairə seçki komissiyasının möhürü ilə möhürlənir və həmin protokolda “səslərin təkrar hesablanması” sözləri qeyd edilir. Bu protokola məntəqə seçki komissiyasının protokolu da əlavə edilir. Dairə seçki komissiyasının yekun protokoluna həmin məntəqə üzrə dairə seçki komissiyası tərəfindən tərtib edilmiş protokoldakı məlumatlar daxil edilir.
Qeyd: 2. Dairə seçki komissiyasının protokolu tərtib edilərkən, ehtiyatsızlıqdan həmin protokolda hər hansı bir xətaya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama və s.) yol verilmişdirsə, dairə seçki komissiyası həmin halı öz qərarı ilə rəsmiləşdirərək, buna dair müvafiq akt tərtib etməli, protokolu həmin aktla birlikdə qanunda nəzərdə tutulmuş müddət ərzində Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
ƏLAVƏ 2
ƏLAVƏ 3
ƏLAVƏ 4