. : T Ə L İ M A T

 

Razılaşdırılmışdır:

 

Azərbaycan Respublikası
Mərkəzi Bankının sədri

E.S.RÜSTƏMOV

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 avqust 2009-cu il tarixli

23-6 saylı Qərarı ilə təsdiq edilmişdir.

Mərkəzi Seçki Komissiyasının sədri

M.M.PƏNAHOV

                                                                                                                  
Bələdiyyə seçkilərində seçki fondlarına daxil olmuş
pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında

Təlimat

1.      Bələdiyyə seçkiləri zamanı bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına daxil olan pul vəsaitlərinin geri qaytarılması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 90.5 – 90.7-ci, 226.4-cü, 229-cu, 230-cu, 232-ci və 233-cü maddələri ilə müəyyən edilir.
2. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku  yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.
3. Qeydə alınmış namizədə, namizədi qeydə alınmış siyasi partiyaya, siyasi partiyaların blokuna müvafiq seçki komissiyaları tərəfindən verilən pul vəsaiti qaytarılanadək ictimai teleradio təşkilatına  və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödəyənədək onların seçki fonduna pul ianəsi köçürmüş vətəndaşlara və hüquqi şəxslərə seçki fondlarının xərclənməmiş pul vəsaitini qaytarmaq qadağandır. Belə halda ilk növbədə seçki komissiyasının vəsaiti qaytarılır.   4. Namizədin, qeydə alınmış namizədin irəli sürüldüyü bələdiyyə dəyişdikdə, o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır.
5. Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilmiş səslərinin azı 3 faizini toplamış namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək Seçki Məcəlləsinin 73-1.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində onun seçki fonduna müvafiq seçki komissiyasının köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin seçki komissiyasına qaytarmağa borcludur.
Bu vəsait köçürüləndən sonra, göstərilən qaydada 15 gün müddətində bələdiyyələrin vəsaitləri qaytarılmalıdır. Bu müddət başa çatdıqda müvafiq bank Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və ya müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onların hesabına köçürməlidir.
6. Namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvəkkil bank səsvermə günündən 30 gün keçdikdən sonra müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir.
7. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda büdcə və bələdiyyə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən qaytarılması, habelə siyasi partiya, siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.
8. Seçki Məcəlləsinin 230-cu maddəsində və bu Təlimatın 5-ci bəndində nəzərdə tutulmayan qeydə alınmış namizəd yekun maliyyə hesabatının verilməsi ilə yanaşı müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, dövlət və bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitinin səsvermə günündən başlayaraq 6 ay müddətində müvafiq olaraq dairə seçki komissiyasının və ya bələdiyyənin hesabına qaytara bilər.
9. Seçki Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmayan və həmin maddənin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə Mərkəzi Seçki Komissiyası, ictimai teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət və bələdiyyə büdcəsinin vəsaitlərinin, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərinin səsvermə günündən başlayaraq 6 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.     
10. Bu Təlimatın 8-ci və 9-cu bəndlərində nəzərdə tutulan öhdəliklər yerinə yetirilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır.
11. Seçki Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Təlimatın 8-ci və 9-cu bəndlərində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək  göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.
12. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur.
Namizəd, qeydə alınmış namizəd  siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur. 

 
_________


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası