. : T Ə L İ M A T

 

Razılaşdırılmışdır:

 

Azərbaycan Respublikası
Mərkəzi Bankının sədri

E.S.RÜSTƏMOV

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 avqust 2009-cu il tarixli
23-4 saylı Qərarı ilə təsdiq edilmişdir.

Mərkəzi Seçki Komissiyasının sədri

M.M.PƏNAHOV

 

Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının
açılması qaydaları haqqında

Təlimat

Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 91-ci və 226-cı maddələrinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə seçkilərində siyasi partiyaların, siyasi partiyalar bloklarının və bələdiyyə üzvlüyünə namizədlərin xüsusi seçki hesablarının açılması qaydalarını müəyyən edir.
1.        Xüsusi seçki hesabı namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır.
2.      Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən çoxunda irəli sürülən namizədlərin siyahısını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.
3.      Xüsusi seçki hesabı yalnız Azərbaycan Respublikası Beynəlxalq Bankında və ya onun filiallarında açılmalıdır.
4.      Xüsusi seçki hesabının açılması üçün namizəd və ya onun səlahiyyətli nümayəndəsi aşağıdakı sənədləri müvafiq banka təqdim etməlidir:
4.1.   Namizəd özü və ya  seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə:                    
4.1.1.  xüsusi seçki hesabının açılması üçün ərizə;
4.1.2. xüsusi seçki hesabının açılması üçün müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd;
4.1.3. Seçki Məcəlləsinin 53.2-ci maddəsinə uyğun olaraq tərtib edilmiş və müvafiq seçki komissiyasına təqdim olunmuş bildirişin təsdiq edilmiş surəti;
4.1.4. Seçki Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun tərtib edilmiş bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizə;
4.1.5. namizədin səlahiyyətli nümayəndəsinin (əgər səlahiyyətli nümayəndə təyin edilibsə) notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnaməsi;
4.1.6. notariat qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi (xüsusi seçki hesabı üzrə əməliyyat aparan şəxsin).
Qeyd: Təlimatın 4.1.4-cü bəndində göstərilən sənəd bank tələb etdikdə təqdim edilir.
4.2.   Namizəd siyasi partiya tərəfindən irəli sürüldükdə aşağıdakı sənədləri təqdim edir:
4.2.1. xüsusi seçki hesabının açılması üçün ərizə;
4.2.2. siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
4.2.3. siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
4.2.4. namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı və müvafiq iclasın protokolu;  
4.2.5. Seçki Məcəlləsinin 54-cü maddəsinin tələbinə uyğun tərtib edilmiş bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi;
4.2.6. namizədliyin irəli sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti;
4.2.7. siyasi partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikası Mülki Məcəlləndə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri;
4.2.8. notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunələri vərəqəsi.
Qeyd: Təlimatın 4.2.3-4.2.5-ci bəndlərində göstərilən sənədlər bank tələb etdikdə təqdim edilir.
4.3.   Namizəd siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə aşağıda göstərilən sənədləri təqdim olunur:   
4.3.1. xüsusi seçki hesabının açılması üçün ərizə;
4.3.2. namizədliyin irəli sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti;
4.3.3. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanı iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
4.3.4. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələri iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
4.3.5. Seçki Məcəlləsinin 54-cü maddəsinin tələbinə uyğun tərtib edilmiş bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi;
4.3.6. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin notariat qaydasında və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq edilmiş vəkalətnamələri;
4.3.7. notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunələri vərəqəsi.
Qeyd: Təlimatın 4.3.3-cü-4.3.5-ci bəndlərində göstərilən sənədlər bank tələb etdikdə təqdim edilir.
5.      Yuxarıda göstərilən sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyalar blokuna dərhal, lakin 3 gündən artıq olmayan müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.
6.      Xüsusi seçki hesabının vəsaitlərinə sərəncam vermək hüququ namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə və yaxud siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir.  
7.      Namizədlər, siyasi partiya, siyasi partiyalar bloku yalnız bir xüsusi seçki hesabı aça bilərlər.

____________


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası