Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 14 iyun 2006-cı il tarixli
24 avqust 2009-cu il tarixli
Bələdiyyə seckilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi ücün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında
T Ə L İ M A T
Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin (bundan sonra – namizəd) müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim olunması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 56 – 58-ci və 215-ci maddələri ilə və bu Təlimatla tənzimlənir.
I. Bələdiyyə seçkilərində namizədin müdafiəsi üçün
seçici imzalarının toplanması
1.1. Özü, seçicilərin təşəbbüs qrupları, siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən irəli sürülən namizədlərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması müvafiq seçki komissiyası tərəfindən namizədliyin irəli sürülməsini təsdiq edən qərarın qəbul olunduğu gündən başlanır.
1.2. Namizədin müdafiəsi ücün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsi üzrə:
- əhalisinin sayı 99.999-dan çox (100.000-dən 299.999-dək) olan və 19 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan ərazidə ən azı – 150 seçici imzası;
- əhalisinin sayı 49.999-dan çox (50.000-dən 99.999-dək) olan və 17 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan ərazidə ən azı – 100 seçici imzası;
- əhalisinin sayı 19.999-dan çox (20.000-dən 49.999-dək) olan və 15 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan ərazidə ən azı – 75 seçici imzası;
- əhalisinin sayı 9.999-dan çox (10.000-dən 19.999-dək) olan və 13 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan ərazidə ən azı – 50 seçici imzası;
- əhalisinin sayı 4.999-dan çox (5.000-dən 9.999-dək) olan və 11 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan ərazidə ən azı – 30 seçici imzası;
- əhalisinin sayı 4.999-dan az olan və müvafiq olaraq 9, 7 və 5 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan ərazilərdə ən azı – 15 seçici imzası toplanmalıdır.
1.3. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. Namizədin müdafiəsi üçün imza etmək könüllüdür. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər, habelə bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb ola bilər.
1.4. Azərbaycan Respublikasının aktiv seçki hüququ olan və səsvermə günü (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş hər bir vətəndaş namizədin müdafiəsi üçün imza vərəqəsinə imza etmək hüququna malikdir. Seçici yaşadığı seçki dairəsinin ərazisində namizədliyi irəli sürülmüş bir necə namizədin müdafiəsi üçün imza edə bilər.
1.5. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.
1.6. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza qoyulması tarixini göstərir. İmza vərəqəsində seçiciyə aid məlumatları imza toplayan şəxs seçicinin razılığı ilə onun əvəzinə doldura bilər (imza istisna olmaqla). İmza etmək hüququ yalnız seçiciyə məxsusdur. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
1.7. Namizədin müdafiəsi üçün imza edən seçicinin şəxsiyyətini təsdiqləyən sənəd kimi aşağıdakılar tanınır:
a) mülki şəxslər üçün:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi (7 N-li forma);
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və onun yerli qurumları tərəfindən verilən vəsiqə (həmin ərazidə müvəqqəti məskunlaşma faktını təsdiq edən yuxarıda göstərilən sənədlər yoxdursa);
b) hərbçilər üçün:
- həqiqi hərbi xidmətdə olan əsgərin və çavuşun hərbi bileti;
- gizir və zabitlərin şəxsi vəsiqəsi.
1.8. İmza vərəqəsində seçiciyə aid bütün məlumatlar müvafiq qrafalarda mütləq qeyd edilməlidir.
1.9. Seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.
1.10. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanmalıdır. İmza toplamış şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, namizəd isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.
1.11. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi namizəd, imza toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplamış şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, namizəd soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.
1.12. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması haqqında yekun protokolunu (Təlimata 1 saylı əlavə) tərtib edir və imzalayırlar.
1.13. Dairə seçki komissiyasına təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnməli və əgər imza vərəqəsi birdən artıqdırsa qovluq formasında səhifələnməlidir.
II. Namizədin qeydə alınması üçün seçki sənədlərinin
təqdim edilməsi
2.1. Namizədin qeydə alınması üçün namizəd və ya namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 65 və ən azı 40 gün qalmış saat 18.00-dək dairə seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim edir:
2.1.1. namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2.1.2. seçici imzalarının toplanması haqqında bu Təlimata əlavə edilmiş yekun protokolunun 2 nüsxəsi;
2.1.3. namizədin öhdəlik ərizəsindəki namizəd haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş (Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələri);
2.1.4. namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
2.1.5. gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış;
2.1.6. namizədə məxsus əmlak barədə Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun formada tərtib edilmiş məlumat;
2.1.7. seçici imzalarının toplanması ücün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə, namizədin ilkin maliyyə hesabatı.
2.2. Çıxarılmışdır.
2.3. Müvafiq dairə seçki komissiyası imza vərəqələrini və onlara əlavə edilməli olan sənədləri bu Təlimatın 2.1-ci bəndində nəzərdə tutulan müddətdə qəbul edir. Həmin müddətdən sonra təqdim olunan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər qanunla müəyyən edilmiş müddətdə verilmiş müvafiq sənədlərin doğurduğu hüquqi nəticəni yaratmır. Dairə seçki komissiyası bu halı öz qərarı ilə rəsmiləşdirməlidir.
2.4. Dairə seçki komissiyası seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürlə təsdiqləyir, təqdim olunmuş imza vərəqələrinin sayının seçici imzaları toplanmasının yekunu haqqında protokolla uyğunluğunu yoxlayır, sonra isə qəbul edilmiş seçki sənədlərinin, eləcə də imza vərəqələrinin və imza vərəqələrindəki imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir (Təlimata 2 saylı əlavə). Arayış dairə seçki komissiyasının sədri və üzvlərindən biri, həmçinin sənədləri təqdim edən şəxs tərəfindən imzalanıb, dairə seçki komissiyasının möhürü ilə təsdiqlənir. Arayışın bir nüsxəsi seçki sənədlərini təqdim edən şəxsə verilir.
_______
ƏLAVƏ 1
ƏLAVƏ 2