. : T Ə L İ M A T

 

Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyasının 24 avqust 2009-cu il tarixli

23-1 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

Siyasi partiyaların bloklarının qeydə alınması qaydaları haqqında

T Ə L İ M A T


I. Siyasi partiyalar blokunun qeydə alınması üçün təqdim edilməli olan sənədlər.        

1.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra –Seçki Məcəlləsi) 50-ci maddəsinə müvafiq olaraq siyasi partiyalar blokunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən sənədləri Seçki Məcəlləsinə uyğun formada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etməlidir:
1.1.1. bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat    qaydasında təsdiq edilmiş surətləri;
1.1.2. bloka daxil olan siyasi partiyaların bloka daxil olmaq barədə sazişi;
1.1.3. siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;
1.1.4. blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar;
1.1.5. siyasi partiyalar blokunun tam və qısa adı barədə məlumat [siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir, blokun  adlandırılmasında həmin bloka daxil olmayan siyasi partiyaların (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Fiziki şəxsin adından və ya soyadından siyasi partiyalar bloku tərəfindən yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edilə bilər];
1.1.6. səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə bloka daxil olan siyasi partiyaların iclasının (qurultay, konfrans və ya rəhbər orqanının) qərarı və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı;
1.1.7. səlahiyyətli nümayəndələrin (Təlimata 1 saylı əlavə), habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin (Təlimata 1a saylı əlavə) siyahısı  (siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına göndərilməlidir).
1.1.8. həmin şəxslərin səlahiyyətli nümayəndə olmağa razılıq verməsi barədə razılıq məktubları (Təlimata 2 və 2a  saylı əlavələr).
1.2. Siyasi partiyaların bloku öz emblemini də təsdiq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər (siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla (Seçki Məcəlləsinin 51.2-ci maddəsi nəzərə alınmaqla), istənilən emblemi təqdim edə bilər. Siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır. Siyasi partiyaların bloku beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsini Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmalıdır).

II. Siyasi partiyalar blokunun qeydə alınması.

2.1. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə yazılı arayış səlahiyyətli nümayəndəyə verilir (Təlimata 3 saylı əlavə).
2.2. Siyasi partiyaların bloku tərəfindən müvafiq sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi gündən ən geci 5 gün müddətində, Mərkəzi Seçki Komissiyası həmin blokun qeydiyyatı məsələsini həll etməlidir.
2.3. Siyasi partiyalar blokunun qeydə alınması üçün zəruri olan sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmədikdə Mərkəzi Seçki Komissiyası müvafiq siyasi partiyalar blokunun qeydə alınmasından imtina edilməsi haqqında qərar çıxara bilər.
  

 

ƏLAVƏ 1

ƏLAVƏ 1a

ƏLAVƏ 2

ƏLAVƏ 2a

ƏLAVƏ 3


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası