Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 28 avqust 2004-cü tarixli
16/99 saylı Qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə üzvlüyünə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakı barədə məlumatın toplanması
Q A Y D A S I
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.4-cü, 58.1.5-ci və 58.3-cü maddələrinə uyğun olaraq namizədlər gəlirlərinin miqdarı, məbləği və mülkiyyət hüququ əsasında onlara məxsus əmlak haqqında məlumat verirlər.
Məlumatda aşağıda qeyd olunan gəlir mənbələri göstərilməlidir (gəlirlərin alındığı təşkilatlardan və fiziki şəxslərdən seçkilərin təyin edildiyi gündən əvvəlki bir il ərzində həmin gəlirlərin cəmi barədə arayışlar təqdim edilməklə):
- Əsas iş yerindən əmək haqqı barədə
Əsas iş yerindən əmək haqqı dedikdə, vətəndaşlar tərəfindən müəssisələr, idarələr və təşkilatlarla bağlanmış əmək müqavilələrinə (kontraktlara) əsasən konkret ixtisas, dərəcə və vəzifə üzrə işlərin yerinə yetirilməsi, yaxud kooperativdə, kəndli-fermer təsərrüfatında, ictimai və ya dini təşkilatda, vəkillikdə, habelə xidməti və ya tədrislə əlaqədar əmək funksiyasının yerinə yetirilməsinə görə ödənişlər başa düşülür.
2. Mükafat və maddi yardım haqqında
Mükafat və maddi yardım dedikdə, il ərzində işin yekununa görə mükafat, xidmət illərinə görə mükafat, birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley, bayram, doğum günləri ilə bağlı və digər oxşar hallarda verilən həvəsləndirici ödənclər, əmək funksiyalarının yerinə yetirilməsinə görə başqa mükafatlar və bütün növlərdən olan maddi yardımlar başa düşülür.
- Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir haqqında
Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir dedikdə, vətəndaşların əsas iş yerində əmək haqqı, vəzifə icrası ilə əlaqədar olmayan işləri yerinə yetirməkdən (birdəfəlik yerinə yetirilən və əvəzçilik üzrə işlərdən) əldə etdikləri gəlirlər başa düşülür.
4. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir dedikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulan və qanunla qadağan edilməyən fəaliyyət növlərindən əldə edilmiş gəlirlər (sahibkarlıqla məşğul olan fiziki şəxs tərəfindən ilin yekununa görə vergi orqanlarına təqdim edilmiş bəyannamədə göstərilən gəlir) başa düşülür.
- Qeyri sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında
Qeyri sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə muzdlu işlə əlaqədar və ya sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən başqa digər gəlirlər daxildir. O cümlədən:
- banklardan və kredit idarələrindən alınmış faizlər;
- dividendlər;
- müəlliflik haqqı;
- royalti;
- qiymətli kağızlar üzrə əməliyyatlardan əldə edilən gəlir;
- bağışlanmış borcun məbləği;
- əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;
- həyatın yığım sığortası üzrə gəlir;
- ailə üzvü olmayan şəxslərdən alınan hədiyyələr və maddi yardım;
- alınmış miraslar;
- lotoreya uduşları;
- birgə gəlirlər;
- sair gəlirlər (sair gəlirlər dedikdə, yuxarıda sadalanmayan digər gəlirlər nəzərdə tutulur).
6. Əmlak və mülkiyyət haqqında məlumatlar müvafiq orqanlardan (İqtisadi İnkişaf Nazirliyinin təşkilatlarından, mənzil-istismar sahələrindən, texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarələrindən) alınmış arayışlarla təsdiq olunur.
7. Bələdiyyə üzvlüyünə namizəd mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak haqqında məlumatları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 5 saylı əlavəsindəki əmlak barəsində məlumata uyğun şəkildə verməlidir.
________