Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü RafiqAbbasovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşlar Gülbala Alışov və Dilqəm Məhərrəmovun22 dekabr 2009-cu il tarixli 90 saylı müraciətinə baxılması barədə
R Ə Y İ
Bakı şəhəri 23 dekabr 2009-cu il, saat 12.20
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Salyan rayonu, Kürsəngi kəndinin sakinləri Gülbala Alışov və Dilqəm Məhərrəmov 2009-cu il dekabrın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edilmədiyindən mahiyyəti üzrə araşdırmaya qəbul edilməmişdir.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, müraciətdə tələb aydın göstərilməmişdir.
Şikayətlərə dair ümumi tələblər “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 2-ci bəndində müəyyən olunmuşdur. Həmin Təlimatın 2.1.9-cu bəndinin tələblərinə görə şikayətdə şikayətçinin tələbi olmalıdır. Həmin Təlimatın 2.5-ci bəndinə görə əgər tələb yoxdursa və bu səbəbdən tələb aydın deyilsə şikayət onu göndərən şəxsə geri qaytarılmalıdır.
Həmin Təlimatın 7.1-ci bəndinə görə seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və müvafiq Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və adı çəkilən Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Vətəndaş Gülbala Alışov və Dilqəm Məhərrəmovun 22 dekabr 2009-cu il tarixli 90 saylı müraciəti tələb aydın olmadığından ərizəçilərə geri göndərilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində ekspert
qrupunun üzvü Rafiq Abbasov |