. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü İradə Hacıyevanın 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsi üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əzizov Polad Nəbi  oğlunun müraciətinə baxılması barədə

R Ə Y İ

Bakı şəhəri                                                                                                                                   19 noyabr  2009-cu il, saat 16.30

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsi üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüşƏzizov Polad Nəbi  oğlu 18 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.         
Araşdırma prosesində şikayətçi P.N.Əzizovla telefon əlaqəsi saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. P.N.Əzizov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Şikayətin araşdırılması üçün tərəfimizdən dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertinin və Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssisinin verdikləri rəylərə əsasən təqdim olunmuş 198 imzadan 159 ədədi etibarlı hesab edilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.1-ci maddəsinə əsasən əhalisi 99.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 150 seçici imzası toplamalıdır. Göründüyü kimi, P.N.Əzizovun topladığı imzalar qeydə alınmaq üçün kifayət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-ci və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :

1. 22 saylı Nəsimi II seçki dairəsi dairə seçki komissiyasının qərarı ləğv edilərək, P.N.Əzizovun bələdiyyə üzvlüyünə namizədliyi Nəsimi bələdiyyəsi üzrə qeydə alınsın.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü                                                                                                           İradə Hacıyeva


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası