. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakinləri Rüfət Mustafayevin və Yamin Nəzərovun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanlanmış 21 dekabr 2009-cu il tarixli 80 saylı müraciətinə baxılması barədə

RƏYİ

  Bakı şəhəri                                                              22 dekabr 2009-cu il, Saat 10.30    

Mən, ekspert qrupunun üzvü Tofiq Həsənov, 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə Kürdəxanı qəsəbə sakinləri Rüfət Mustafayevin və Yamin NəzərovunMərkəzi Seçki Komissiyasına 21 dekabr 2009-cu il tarixli Kürdəxanı bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Aslan Kərimovun, Ağababa Ağayevin, Məkan Abdullayevin qeydiyyatı zamanı qanunsuzluqlara yol verildiyindən həmin namizədlər haqqında məlumatların yoxlanması barədə şikayətlərini nəzərdən keçirərək müəyyən etdim:     
şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edilmədiyindən və nəzərdə tutulan müddətdə verilmədiyindən mahiyyəti üzrə araşdırmaya qəbul edilməmişdir.
Belə ki, daxil olmuş müraciətlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki,  adları çəkilən bələdiyyə üzvlüyünə namizədliyin qeydə alınmasına dair qərarlar dairə seçki komissiyası tərəfindən  3 noyabr  2009-cu il tarixdə qəbul edildikdən sonra dərhal maraqlı şəxslərə çatdırılmışdır.
Müraciətdən aydın görünür ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir.
Dairə seçki komissiyasının qeyd edilən qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən mahiyyəti üzrə araşdırılmadan geri qaytarılmalıdır.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Eyni zamanda həmin Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən  keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən  r ə y ə  g ə l d i m:

1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə Kürdəxanı qəsəbə sakinləri Rüfət Mustafayevin və Yamin Nəzərovun 21 dekabr 2009-cu il tarixli 80 saylı müraciətləri qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən mahiyyəti üzrə araşdırılmadan ərizəçilərə geri qaytarılsın.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internetdə yerləşdirilsin) və surəti vətəndaşa göndərilsin.

 

Ekspert qrupunun üzvü                                Tofiq Həsənov

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası