Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun Bakı şəhəri, Maştağa qəsəbəsi, 694 “A” ünvanında yaşayan Maştağa bələdiyyəsinə namizəd vətəndaş Poladov Tahir Əhəd oğlunun 23 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 39 saylı müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 26 noyabr 2009-cu il,
Saat 15-00
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Maştağa bələdiyyəsi üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürmüş Poladov Tahir Əhəd oğlu 23 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 28 saylı Sabunçu III seçki dairəsinin dairə seçki komissiyası tərəfindən namizədliyinin qeyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Mən, ekspert qrupunun üzvü Rafiq Abbasov Maştağa bələdiyyəsinə namizəd vətəndaş Poladov Tahir Əhəd oğlunun 23 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 39 saylı müraciətini araşdıraraq müəyyən etdim:
Müraciət Seçki Məcəlləsinin və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən araşdırılmışdır.
Araşdırma prosesində şikayətçi ilə telefon əlaqəsi saxlanılmış, ona araşdırmada iştirak etmək hüququnun olduğu bildirilmişdir. Həmçinin şikayətçiyə müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlar təqdim etməsi təklif edilmiş, lakin onun tərəfindən əlavə sübutlar təqdim olunmamışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini üçün müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, obyektiv və qərəzsiz araşdırmağa çalışmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, T.Ə. Poladov mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı bəyan edərkən, onun mülkiyyətində olan VAZ-21074 markalı, 1-VH 847 nömrə nişanlı minik avtomobilini qəsdən gizlətmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə əsasən mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatın düzgün rəsmiləşdirilməməsi və ya olmaması qeydiyyatdan imtina üçün əsasdır.
Odur ki, bələdiyyə üzvlüyünə namizədin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19. 4-cü, 28. 2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. Vətəndaş Poladov Tahir Əhəd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 noyabr 2009-cu il tarixli 39 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti vətəndaşa göndərilsin.
Ekspert qrupunun üzvü Rafiq Abbasov
|