Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Quliyev Famil Əhməd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 19 dekabr 2009-cu il,
Saat 15.00
Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov, 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Quliyev Famil Əhməd oğlunun Səbail bələdiyyəsinin üzvlüyünə namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının 09 noyabr 2009–cı il tarixli 26/61 saylı qərarından 18 dekabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətini nəzərdən keçirərək müəyyən etdim:
şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsində və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulan müddətdə verilmədiyindən mahiyyəti üzrə araşdırmaya qəbul edilməmişdir.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ərizəçinin bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərar dairə seçki komissiyası tərəfindən 2009-cu il noyabrın 09-da qəbul edilmiş və dərhal maraqlı şəxsə çatdırılmışdır. Belə ki, dairə seçki komissiyasının 19 dekabr 2009-cu il tarixli 192 saylı arayışından da görünür ki, dairə seçki komissiyasının Quliyev Famil Əhməd oğlunun namizədliyinin qeydə alınmaması haqqında 09 noyabr 2009-cu il tarixli 26/61 saylı qərarı şəxsən və dərhal ərizəçiyə təqdim olunmuşdur. 12 dekabr 2009-cu ildə F.Ə.Quliyevin müraciətinə əsasən həmin qərarın surəti təkrarən ona təqdim edilmişdir.
Müraciətdən və ona əlavə edilmiş sənədlərdən də aydın görünür ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, ərizəçi qərarın surətini aldıqdan sonra 3 gün müddətində qərarı mübahisələndirməmiş, 2009-cu il dekabrın 12-də ərizə ilə dairə seçki komissiyasına müraciət edərək qərarın surətini yenidən almış, lakin yenə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verməmişdir.
Dairə seçki komissiyasının qeyd edilən qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, şikayət mahiyyəti üzrə araşdırılmadan ərizəçiyə geri qaytarılmalıdır.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Eyni zamanda həmin Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində vətəndaş Quliyev Famil Əhməd oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən mahiyyəti üzrə araşdırılmadan ərizəçiyə geri qaytarılsın.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internetdə yerləşdirilsin) və surəti vətəndaşa göndərilsin.
Ekspert qrupunun üzvü Ramiz İbrahimov |