. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü İradə Hacıyevanın 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə Düyərli bələdiyyəsinin üzvlüyünə namizədlərdən bir qrupunun və 35, 36 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının sədrlərinin 75 saylı  müraciətinin  
araşdırılmasına dair

R Ə Y İ

       Bakı şəhəri                                    19 dekabr 2009-cu il, saat 11.00

99 saylı Şəmkir kənd seçki dairəsi üzrə Düyərli bələdiyyəsinin üzvlüyünə bir qrup namizəd və  35, 36 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının sədrləri Qurbanov Nizami Hümbət oğlu və İsmayılova Cəmilə Mayıl qızı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 18 dekabr 2009-cu il tarixdə yazılı müraciət edərək, Düyərli bələdiyyəsinin üzvlüyünə namizəd Cəfərov Vahid Fazil oğlu və digər namizədlərin qanunsuz seçkiqabağı təşviqat aparmalarını bildirmiş və qanunla müəyyən olunmuş qaydada tədbirlər görülməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma aparılarkən müəyyən edilmişdir ki, qanunsuz olması iddia edilən seçkiqabağı təşviqat 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə Düyərli bələdiyyəsinin ərazisində aparılır.
Bələdiyyə seçkiləri zamanı təşviqat subyektləri tərəfindən seçkiqabağı təşviqat müvafiq bələdiyyənin ərazisində həyata keçirilir və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.4.3-cü maddəsinə əsasən seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədlər üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə nəzarət  dairə seçki komissiyasının səlahiyyətlərinə aiddir. Ona görə də müraciət aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrini və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 8.6-cı bəndini əsas götürərək  r ə y ə   g ə l d i m: 

1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 dekabr 2009-cu il tarixli 75 saylı müraciət təmin edilərək aidiyyəti üzrə 99 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasına göndərilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçilərə göndərilsin.

 

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                         İradə Hacıyeva


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası