. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Nizami Nadirovun  2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Nadirov Əlövsət İslam oğlunun 18 dekabr 2009-cu il tarixli 74 saylı müraciətinə baxılması barədə

R Ə Y İ

Bakı şəhəri                                                19 dekabr  2009-cu il,  saat 15.20

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Cəlilabad rayonu Maşluq kəndinin sakini Nadirov Əlövsət İslam oğlu 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və Muğan kənd bələdiyyəsi üzrə namizədliyi qeydə alınmış Həsənov Rasif Xudaşakir oğlunun keçmişdə sovxoz direktoru olduğu dövrdə fəaliyyətində qanunsuzluqlara yol verdiyini, bir neçə  məntəqə seçki komissiyası üzvünün onunla qohumluq əlaqəsində olduğunu, hazırda bələdiyyə üzvlüyünə namizəd kimi qanunsuz təşviqat aparmasını bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimatın tələblərinə uyğun olarar tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Müraciət araşdırılarkən aydın olmuşdur ki, ərizədə namizəd Həsənov Rasif Xudaşakir oğlunun bələdiyyə üzvlüyünə namizəd kimi seçki dairəsinin ərazisində qanunsuz təşviqat aparması göstərildiyindən, həmçinin bələdiyyə üzvlüyünə namizədlərlə məntəqə seçki komissiyası üzvləri arasında qohumluq əlaqələrinin olması faktlarının dairə seçki komissiyaları tərəfindən müəyyənləşdirilməli olduğunu nəzərə alaraq, şikayət aidiyyəti üzrə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün 69 saylı Cəlilabad-Masallı Biləsuvar seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.4.3-cü maddəsinə əsasən seçki ərazisi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. 
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və adı çəkilən Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən    r ə y ə   g ə l d i m :
1. Vətəndaş Nadirov Əlövsət İslam oğlunun 18 dekabr 2009-cu il tarixli 74 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü                                                                Nizami Nadirov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası