Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Nizami Nadirovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar 84 saylı Füzuli seçki dairəsi üzrə Böyük Bəhmənli
bələdiyyəsinin üzvlüyünə namizədliyi özü
tərəfindən irəli sürülmüş Əliyeva Gülşən Ərşad qızının müraciətinin
araşdırılmasına dair
RƏY
2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əliyeva Gülşən Ərşad qızı 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydiyyatından 84 saylı Füzuli seçki dairəsinin dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbyacan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu üzvü tərəfindən araşdırılmışdır.
Komissiyada vətəndaşların seçki hüquqlarının təmini prinsipini əsas götürərək Gülşən Əliyevanın şikayətinin araşdırılması məqsədi ilə onunla telefon əlaqəsi yaradılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun ekspertinin və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssislərinin verdikləri rəylərinə əsasən təqdim olunmuş 31 seçici imzalarından cəmi 20-si etibarlı hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.5-ci maddəsinə əsasən əhalisi 4.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 30 seçici imzası toplamalıdır.
Odur ki, bələdiyyə üzvlüyünə namizəd G.Əliyevanın müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. 84 saylı Füzuli seçki dairəsi üzrə Böyük Bəhmənli bələdiyyəsi üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əliyeva Gülşən Ərşad qızının müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi gündən 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Nizami Nadirov
21 noyabr 2009-cu il |