Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rafiq Abbasovun
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin 18 noyabr 2009-cu il tarixli 23 saylı müraciətinə baxılması barədə
RƏYİ
Bakı şəhəri 21 noyabr 2009-cu il,
Saat 15-00
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Ümid Partiyasının səlahiyyətli nümayəndəsi 18 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin partiya tərəfindən 31 saylı Suraxanı II seçki dairəsi üzrə Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Bədəlov Fərman Yunis oğlunun namizədliyinin qeydə alınmasından əsassız imtina edilməsini bildirmiş və qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən araşdırılmış və müəyyən olunmuşdur ki, bələdiyyə üzvlüyünə namizəd Bədəlov Fərman Yunis oğlunun namizədliyinin qeydə alınmasından imtina barədə dairə seçki komissiyasının qərarı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri pozulmaqla, digər şəxsin təqdim etdiyi sənədlərə dair araşdırma aparılaraq qəbul edilmişdir.
Ona görə də, 31 saylı Suraxanı II seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməli, bələdiyyə üzvlüyünə namizədin qeydə alınması məsələsinə yenidən baxılaraq əsaslandırılmış qərar qəbul edilməsi müvafiq dairə seçki komissiyasına həvalə edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60.1-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d ı m :
1. Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixli 23 saylı şikayəti qismən təmin edilərək, 31 saylı Suraxanı II seçki dairəsi dairə seçki komissiyasının 14 noyabr 2009-cu il tarixli 16/2.5 saylı qərarı ləğv edilsin.
2. Namizədin qeydə alınması məsələsinə yenidən baxılaraq əsaslandırılmış qərar qəbul edilməsi 31 saylı Suraxanı II seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Rafiq Abbasov |