Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Tofiq Həsənovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar Ümid partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin 18 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair
R Ə Y İ
2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədləri irəli sürülmüş Ümid partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə 2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin partiya tərəfindən 31 saylı Suraxanı II seçki dairəsi üzrə Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Təmrazov Kamran Aslan oğlunun namizədliyinin qeydiyyatından dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma zamanı səlahiyyətli nümayəndə Ənvər Ağazadə ilə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının Kamran Təmrazovun namizədliyinin qeydiyyatıbndan imtina edilməsi barədə qərarı ləğv edilməli, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi üzrə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Ümid partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyalarının müvafiq qərarları ləğv edilsin.
2. Təmrrazov Kamran Aslan oğlunun Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Tofiq Həsənov
26 noyabr 2009-cu il |