Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rafiq Abbasovun 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Əliverdiyev Abumüslüm Abutalıb oğlunun 24 noyabr 2009-cu il tarixli 63 saylı müraciətinə baxılması barədə
RƏYİ
Bakı şəhəri 26 noyabr 2009-cu il,
Saat 15-00
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyası tərəfindən namizədliyi 30 saylı Suraxanı I seçki dairəsi üzrə Hövsan bələdiyyəsinə irəli sürülmüş Əliverdiyev Abumüslüm Abutalıb oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi mənim tərəfimdən araşdırılmağa qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, bələdiyyə üzvlüyünə namizədin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma prosesində şikayətçi ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Bələdiyyə üzvlüyünə namizəd Əliverdiyev Abumüslüm Abutalıb oğlunun 24 noyabr 2009-cu il tarixli 63 saylı müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Əliverdiyev Abumüslüm Abutalıb oğlunun bələdiyyə üzvlüyünə namizədliyi Hövsan bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Rafiq Abbasov |