. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətləri üzrə

RƏYİ

Bakı şəhəri                                                                                                                                20 noyabr 2009-cu il, Saat 15-00  

Mən, ekspert qrupunun üzvü Rafiq Abbasov 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına 17 noyabr 2009-cu ildə daxil olmuş 15/s saylı müraciətini  araşdıraraq müəyyən etdim:
Müraciət Seçki Məcəlləsinin və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 70 saylı Masallı şəhər seçki dairəsinin ərazisində yerləşən Musaküçə bələdiyyəsinə  namizədlikləri irəli sürülmüş 6 nəfərin(Qəmbərov Yusif Kərəməli oğlu, İbrahimov Nabuq Həsən oğlu, Hüseynov Süleyman Hüseyn oğlu, Cəfərov Mirəşrəf Ağadadaş oğlu, Abuzərov Şirməmməd Qəzənfər oğlu və Həsənov Nufud Əzizağa oğlunun) 13 noyabr 2009-cu il tarixdə bələdiyyə üzvlüyünə namizədliklərinin qeydə alınması üçün müvafiq dairə seçki komissiyasına seçki qanunvericiliyində tələb olunan seçki sənədlərini təqdim etdiyini və ertəsi gündən başlayaraq onların Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Teymurov tərəfindən namizədliklərinin geri götürülməsi üçün  təzyiqlərə məruz qaldığını bildirmişdir.O həmçinin 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Ağdam seçki dairələrindən namizədlikləri irəli sürülmüş Məmmədhüseynov Aydın Həsən oğlu, Cavadov Əkbər Əsgər oğlu və Mirzəyev Tariyel Kərim oğlunun namizədliklərinin təzyiq altında geri götürülməsi barədə ərizələrinin surətlərini və bələdiyyə üzvlüyünə namizədlər-Nəcəfov Rəşid Mikayıl oğlu, Hacıyev İbrahim Rəhim oğlu, Cavadov Əkbər Əsgər oğlu, Hacıbəyli Cavid İbrahim oğlu və Hacıbəyli Rüfət İbrahim oğlunun 82 saylı Ağcəbədi seçki dairəsi dairə seçki komissiyasında tərtib etdikləri aktın və onların izahatlarının kserosurətini əlavə edərək, orada göstərilən halların araşdırılmasını və onu törədən şəxslərin qanunauyğun olaraq cəzalandırılmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə telefon əlaqəsi saxlanılmış, ona araşdırmada iştirak etmək hüququnun olduğu bildirilmişdir. Həmçinin şikayətçinin nəzərinə müraciətə əlavə olunmuş sənədlərin kserosurət olduğundan onların araşdırılmasının mümkün olmadığı çatdırılmış və onların əslinin verilməsi xahiş edilmişdir. Lakin G. Aslanlı araşdirmada iştirak etməkdən və sənədlərin əsllərini verməkdən imtina etmişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini üçün Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətinin qanunla müəyyən olunmuş müddətdə, obyektiv və qərəzsiz araşdırmağa çalışmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 70 saylı Masallı şəhər seçki dairəsinin ərazisində yerləşən Musaküçə bələdiyyəsi üzvlüyünə namizədlik statusundan imtina edilməsi üçün təzyiqlər edildiyi iddia olunan 6 nəfərin (Qəmbərov Yusif Kərəməli oğlu, İbrahimov Nabuq Həsən oğlu, Hüseynov Süleyman Hüseyn oğlu, Cəfərov Mirəşrəf Ağadadaş oğlu, Abuzərov Şirməmməd Qəzənfər oğlu və Həsənov Nufud Əzizağa oğlunun) namizədliyi irəli sürüldükdən sonra namizədliyi təsdiq olununaraq onlara vaxtında və lazımı sayda imza vərəqəsi verilmişdir. Adları çəkilən şəxslərdən 5 nəfəri qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və digər zəruri seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş və onlar 18 noyabr 2009-cu il tarixdə qeydə alınmışlar. Yalnız onlardan bir nəfəri- Həsənov Nühid Əzizağa oğlu 17 noyabr 2009-cu il tarixdə dairə seçki komissiyasına ərizə ilə müraciət edərək namizədlik statusundan imtina etmişdir. N. Həsənovla əlaqə saxlanılmış, şifahi və təqdim etdiyi yazılı izahatında o, namizədlik statusundan könüllü olaraq imtina etdiyini, bununla bağlı ona heç bir təzyiq edilmədiyini bildirmişdir.
Dairə seçki komissiyasından daxil olmuş məlumata əsasən yuxarıda adları çəkilən bələdiyyə üzvlüyünə namizədlərdən də onlara hər hansı qanunsuz təzyiq göstərilməsi barədə dairə seçki komissiyasına heç bir məlumat daxil olmamışdır.
Həmçinin araşdırma nəticəsində Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Teymurovun da izahatı alınmış və müəyyən olunmudur ki,onun tərəfindən namizədlikləri Müsavat Partiyası tərəfindən irəli sürülmüş yuxarıda adları çəkilən şəxslərin namizədliklərinin geri götürülməsi üçün  onlara qarşı hər hansı  təzyiq göstərilməmişdir.
82 saylı Ağcəbədi və 83 saylı Ağcabədi-Ağdam seçki dairələri ilə bağlı məsələ araşdırılarkən müraciətə əlavə edilmiş namizədlərin adından tərtib edilməsi ehtimal olunan akt və izahatlar kserosurət olduğundan onların səmərəli araşdırilması mümkün olmamışdır.
Dairə seçki komissiyasından daxil olmuş məlumata görə, Müsavat Partiyasından Ağcabədi bələdiyyəsinə namizədliyi irəli sürülmüş Nəcəfov Rəşid Mikayıl oğlu, Hacıyev İbrahim Rəhim oğlu, Hacıbəyli Cavid İbrahim oğlu və Hacıbəyli Rüfət İbrahim oğlu tərəfindən qeydə alınmaq üçün imza vərəqələri və digər seçki sənədləri 13 noyabr 2009-cu il tarixdə saat 18-00 –da dairə seçki komissiyasına təqdim edilmiş və həmin sənədlər müvafiq dairə seçki komissiyası tərəfindən yoxlanılmaq üçün İşçi qrupuna təhvil verilmişdir. İşçi qrupunun 14 noyabr 2009-cu iltarixli rəyi 16 noyabr 2009-cu ildə dairə seçki komissiyasının iclasına çıxarılmış və təqdim olunan seçki sənədləri seçki qanunvericiliyinə uyğun olmadığından yuxarıda adları çəkilən şəxslərin namizədliklərinin qeydə alınmasından imtina olunmuş, onlara bu barədə müvafiq qaydada məlumat verimişdir. Həmin şəxslər tərəfindən nə Mərkəzi Seçki Komissiyasına, nə də Dairə Seçki Komissiyasına bu barədə heç bir şifahi və ya yazılı müraciət daxil olmamışdır. 
Müraciətda təzyiq altında namizədliklərinin götürülməsi iddia olunan 3 nəfərlə (Mirzəyev Teriyel Kərim oğlu, Məmmədhüseynov Aydın Həsən oğlu və Cavadov Əkbər Əsgər oğlu) bağlı məsələyə gəldikdə isə araşdırma nəticəsində müəyyən olnmuşdur ki, həmin şəxslərdən 2 nəfərinin- Məmmədhüseynov Aydın Həsən oğlu və Cavadov Əkbər Əsgər oğlu adlı şəxslərin müvafiq olaraq 82 saylı Ağcəbədi və 83 saylı Ağcabədi-Ağdam seçki dairəsindən namizədlikləri irəli sürülməmişdir.
13 noyabr 2009-cu il tarixdə 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasına ərizə ilə müraciət edərək namizədlik statusundan imtina etmiş Tariyel Mirzəyevlə tərəfimizdən əlaqə saxlanılmış, şifahi və təqdim etdiyi yazılı izahatında o, ərizəsini könüllü olaraq yazdığını, ona bununla bağlı heç bir təzyiq edilmədiyini bildirmişdir.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin  qeydə alınması və onlaraın bəzilərinə namizədliklərinin geri götürməsi ilə əlaqədar ehtimal olunan qanun pozuntuları barədə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətdə göstərilənlər araşdırma nəticəsində əldə olunmuş məlumat və arayışlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti səlahiyyətli nümayəndəyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                                Rafiq Abbasov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası