. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Nizami Nadirovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Müasir Müsavat partiyasının səlahiyyətli nümayəndəsi Fərhad Əliyevin 24 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair

R Ə Y İ

2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədləri irəli sürülmüş Müasir Müsavat partiyasının səlahiyyətli nümayəndəsi Fərhad Əliyev 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin partiya tərəfindən 27 saylı Sabunçu II seçki dairəsi üzrə Sabunçu bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Ələkbərov Məhərləm İbrahim oğlu və namizədliyi 19 saylı Nərimanov I seçki dairəsi üzrə Nərimanov bələdiyyəsinin üzvlüyünə irəli sürülmüş Mərdanov Cahangir Molla oğlunun namizədliklərinin qeydiyyatından adları çəkilən dairə seçki komissiyaları tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma zamanı səlahiyyətli nümayəndə Fərhad Əliyevlə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun  ekspertinin və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssislərinin verdikləri rəylərinə əsasən Ələkbərov Məhərləm İbrahim oğlunun və Mərdanov Cahangir Molla oğlunun müraciətləri təmin edilməli, dairə seçki komissiyalarının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarları ləğv edilməli, müvafiq bələdiyyələr üzrə bələdiyyə üzvlüyünə namizədlikləri qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :
1.      Müasir Müsavat partiyasının səlahiyyətli nümayəndəsinin 24 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyalarının müvafiq qərarları ləğv edilsin.
2.      Adları çəkilən şəxslərin bələdiyyə üzvlüyünə namizədlikləri müvafiq bələdiyyələr üzrə qeydə alınmalıdar.
3.      Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                                                            Nizami Nadirov

26 noyabr 2009-cu il


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası