. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Nizami Nadirovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyi  Müsavat partiyası tərəfindən irəli sürülən Kərimov Əhliman Əlif oğlunun 18 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair

R Ə Y İ

2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə üzvlüyünə namizədlər  irəli sürülmüş Müsavat partiyası tərəfindən 61 saylı Nefçala  seçki dairəsi üzrə Qədimkənd bələdiyyəsinin üzvlüyünə namizədliyi  irəli sürülmüş Kərimov Əhliman Əlif oğlu  2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından 61 saylı Nefçala  seçki dairəsi dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Bələdiyyə üzvlüyünə namizəd Kərimov Əhliman Əlif oğlunun müraciətinin qanunla müəyyən edilmiş qaydada araşdırılması üçün onunla əlaqə yaradılaraq, əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, bələdiyyə üzvlüyünə namizəd Kərimov Əhliman Əlif oğlunun müraciəti tərəfimdən qanunla müəyyən edilmiş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmışdır.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildindən, müraciət təmin edilməli, 61 saylı Neftçala dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərar ləğv edilməli,müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :
1.      Müsavat partiyası tərəfindən 61 saylı Neftçala dairə seçki komissiyasının bələdiyyə üzvlüyünə namizəd Kərimov Əhliman Əlif oğlunun 18 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2.      Kərimov Əhliman Əlif oğlunun bələdiyyə üzvlüyünə namizədliyi Qədimkənd bələdiyyəsi üzrə qeydə alınsın.
3.      Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                                                               Nizami Nadirov

27 noyabr 2009-cu il


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası