. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun üzvü Qabil Orucovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar Ümid partiyasının səlahiyyətli nümayəndəsi Ağazadə Ənvər Sərdar oğlunun müraciətinin
araşdırılmasına dair

RƏYİ

2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 32 saylı Suraxanı III seçki dairəsi üzrə Əmircan bələdiyyəsinin üzvlüyünə namizədliyi Ümid partiyası tərəfindən irəli sürülmüş Bəylərov Ağamirzə Faiq oğlu və Quliyev Həsənəli Əsəd oğlunun namizədliklərinin qeydə alınmasından imtina edilməsi barədə həmin partiyanın səlahiyyətli nümayəndəsi Ağazadə Ənvər Sərdar oğlu 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edilərək müvafiq qərarın əsassız olduğunu bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət  Azərbyacan  Respublikası  Seçki  Məcəlləsinin  112  və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu üzvü tərəfindən araşdırılmışdır.
Vətəndaşların seçki hüquqlarının təmini prinsipini əsas götürərək Ağazadə Ənvər Sərdar oğlunun şikayətinin araşdırılması məqsədi ilə onunla əlaqə yaradılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma prosesində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun  ekspertinin və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssislərinin verdikləri rəylərə əsasən müəyyən edilmişdir ki, etibarlı hesab edilmiş seçici imzalarının sayı kifayət etməməklə yanaşı, hər iki namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməmişdir.
Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə uyğun olaraq buraxılan səvlərin düzəldilməsi üçün səlahiyyətli nümayəndə dairə seçki komissiyasına dəvət olunsa da o, heç bir üzürlü səbəb olmadan verilən imkandan istifadə etməmiş və bununla da Məcllənin 59.9-cu maddəsində nəzərdə tutlmuş hüquqi nəticələr yaranmışdır.
Belə ki, Seçki Məcəlləsinin 59.9-cu maddəsinə əasən imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.
Odur ki, səlahiyyətli nümayəndənin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :

1.      Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 35 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2.      Rəy qəbul edildiyi gündən 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                       Qabil Orucov

25 noyabr 2009-cu il


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası