Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Validə Kazımovanın vətəndaş Muradov Murad Qasım oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 noyabr 2009-cu il tarixli 21 saylı müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 24 noyabr 2009-cu il,
Saat 15-00
Göyçay rayonu, Potu kənd sakini vətəndaş Muradov Murad Qasım oğlu 2009-cu il noyabrın 18-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 88 saylı Göyçay seçki dairəsinin sədri Eldəniz Həmidovun 15 noyabr 2009-cu il tarixdən başlayaraq namizədliyin qeydə alınması üçün onun imza vərəqəsinə imza atmış Potu kənd sakinlərinə təzyiqlər edərək, imza verdiklərini inkar etməyə məcbur edildiklərini bildirmiş və ona köməklik göstərilməsini xahiş etmişdir.
Mən, ekspert qrupunun üzvü Validə Kazımova vətəndaş Muradov Murad Qasım oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 noyabr 2009-cu il tarixli 21 saylı müraciətini araşdıraraq müəyyən etdim:
Müraciət Seçki Məcəlləsinin və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Müraciətlərdə pozulması ehtimal olunan məsələlərin araşdırılması və müvafiq rəy qəbul edilərək iclasa çıxarılması üçün qanunvericiliklə müəyyən edilmiş 3 gün müddət kifayət etmədiyindən əlavə araşdırma aparılması məqsədilə göstərilən müddətin artırılması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etdim və Komissiyanın müvafiq qərarı ilə həmin müddət daha 3 gün uzadılmışdır.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən araşdırılmışdır.
Araşdırma prosesində şikayətçi ilə birbaşa söhbət edilmiş, müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlar təqdim etməsi təklif edilmiş, lakin onun tərəfindən əlavə sübutlar təqdim olunmamışdır. Eyni zamanda vətəndaşa araşdırmada iştirak etmək hüququ barədə məlumat verilmişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini üçün vətəndaş Muradov Murad Qasım oğlunun müraciəti qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmağa çalışmışdır.
Araşdırma zamanı 88 saylı Göyçay seçki dairəsinin dairə seçki komissiyasının sədri E. Həmidovun,Potu kənd icra nümayəndəsi E. Babayevin, Göyçay şəhər Mənzil İstismar Sahəsinin rəisi V. Babayevın və digər əlaqədar şəxslərin şifahi və yazılı məlumatı, izahatı, arayışı və saır zəruri subutlar əldə olunmuşdur.
88 saylı Göyçay seçki dairəsinin dairə seçki komissiyasının sədri Eldəniz Həmidov öz yazılı məlumattında göstərmişdir ki, nə onun özü, nə də digər komissiya üzvləri tərəfindən Potu kənd bələdiyyəsinə namizədlikləri irəli sürülmüş Murad Muradova və ya başqa namizədlərə imza vermiş hər hansı bir kənd sakininə öz imzasından imtina etməsi barədə heç bir təzyiq edilməmişdir. Bu barədə dairə seçki komissiyasına nə şifahi, nə də yazılı məlumat daxil olmamışdır.
Bundan başqa, dairə seçki komissiyasının sədri Eldəniz Həmidovun məlumatına əsasən Muradov Murad Qasım oğlunun adı 88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının seçicilər siyahısına daxil edlməmişdir. Çünki onun faktiki yaşadığı Göyçay şəhəri 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin ərazisindədir.
Potu kənd icra nümayəndəsi Eldar Babayevin dairə seçki komissiyasına təqdim etdiyi 16 oktyabr 2009-cu il tarixli 716 saylı arayışdan məlum olur ki, Muradov Murad Qasım oğlunun qeydiyyatı Potu kəndinədir, ancaq kənddə onun yaşayış yeri yoxdur.
Potu bələdiyyəsinin sədri A.Seyidovun təqdim etdiyi 23 noyabr 2009-cu il tarixli 240 saylı arayışa görə, vətəndaş M.Muradova məxsus Potu kəndindəki torpaq sahəsini o, 2009-cu ilin oktyabr ayında satmışdır.
Göyçay şəhər Mənzil İstismar Sahəsinin rəisi Vaqif Babayevın 20 noyabr 2009-cu il tarixli 73 saylı yazılı məlumatına əsasən M. Muradov faktiki olaraq mülkiyyət hüququ ilə ona məxsus olan Göyçay şəhəri, M. Hüseynzadə küçəsi, bina 31a, mənzil 60-da yaşayır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadıgı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və bu kimi yaşayış yerləri başa düşülür.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 212-ci maddəsində isə göstərilir ki, seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla ) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Vətəndaş M. Muradovun müraciətində ehtimal olunan qanun pozuntuları araşdırma nəticəsində əldə olunmuş məlumat və arayışlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır.
Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. Vətəndaş Muradov Murad Qasım oğlunun müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti səlahiyyətli nümayəndəyə göndərilsin.
Ekspert qrupunun üzvü Valıdə Kazımova |