Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Validə Kazımovanın 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi
V.Abbasovanın müraciətinin
araşdırılmasına dair
R Ə Y İ
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat partiyası tərəfindən 41 saylı Sumqayıt I seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş İlyasov Rasim Valeh oğlu, 42 saylı Sumqayıt II seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədləri irəli sürülmüş Şəmiyev Vahid Bayram oğlu, Feyziyev Vidadi Qabil oğlu, Abbas Fəzrəddin Həmid oğlu və 43 saylı Sumqayıt III seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədləri irəli sürülmüş Fətullayev Ruslan Ramil oğlu, Bağırov Sərvər Hüseyn oğlu və Əsədbəyli Bəhruz Sabir oğlunun namizədliklərinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbyacan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu üzvü tərəfindən araşdırmaya qəbul edilmişdir.
Komissiyada vətəndaşların seçki hüquqlarının təmini prinsipini əsas götürərək səlahiyyətli nümayəndənin şikayətinin araşdırılması məqsədi ilə onunla əlaqə yaradılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki,qeydiyyatından imtina edilməsi iddia edilən Abbas Fəxrəddin Həmid oğlunun namizədliyi dairə seçki komissiyası tərəfindən qeydə alınsa da, səlahiyyətli nümayəndə Mərkəzi Seçki Komissiyasına göndərdiyi şikayətdə onun adını da qeydə alınmayan namizədlərin sırasında göstərmişdir.
Eyni zamanda o da müəyyən olunmuşdur ki, seçici imzaları yoxlanarkən eyni bələdiyyə seçkilərində səs verəcək seçicilərin bir qisminin imzaları həmin bələdiyyənin ərazisində yerləşən digər seçki dairəsinin hüdudlarında topladığından dairə seçki komissiyaları tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215-ci maddəsinin tələbləri düzgün tətbiq edilməyərək etibarsız hesab edilmişdir. Nəticədə qeydə alınma üçün lazım olan etibarlı imzaların sayı azalmışdır. Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlama aparılarkən həmin qüsur aradan qaldırılaraq nəticədə sözügedən namizədlərin qeydiyyatı üçün əsas yaranmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Müsavat pertiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 29 saylı müraciəti qismən təmin edilsin:
- Bələdiyyə üzvlüyünə namizədliyi müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmış Abbas Fəxrəddin Həmid oğlu istisna olmaqla adları rəyin təsviri hissəsində göstərilmiş Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədlərin namizədlikləri qeydə alınsın.
2. Rəy qəbul edildiyi gündən 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Validə Kazımova
26 noyabr 2009-cu il |