Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılovun2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixli 24 saylı şikayətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 14.15
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə 2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Azərbaycan Ümid Partiyası tərəfindən 31 saylı Suraxanı II seçki dairəsi üzrə Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Mustafayev Zamin Əsədulla oğlunun namizədliyinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində Ümid Partiyasının səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. Səlahiyyətli nümayəndə bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
1. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin müraciəti əsaslı olduğundan təmin edilərək, dairə seçki komissiyasının müvafiq qərarı ləğv olunsun.
2. Mustafayev Zamin Əsədulla oğlunun Qaraçuxur namizədliyi Qaraçuxur bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılov |