Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılovun2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 28 saylı Sabunçu III seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Ağayev Əlövsət Balamirzə oğlunun 24 noyabr 2009-cu il tarixli 48 saylı şikayətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 10.30
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 28 saylı Sabunşu III seçki dairəsi üzrə Bilgəh bələdiyyəsinə namizədliyini irəli sürmüş Ağayev Əlövsət Balamirzə oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 28 saylı Sabunçu III seçki dairəsi dairə seçki komissiyası tərəfindən onun namizədliyinin qeydə alınmasına qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ə. Ağayev mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində məlumatı bəyan edərkən, onun mülkiyyətində olan VAZ-21063 markalı, 10 TR 591 dövlət nömrə nişanlı minik avtomobilini qəsdən gizlətmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə əsasən mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatın düzgün rəsmiləşdirilməməsi və ya olmaması qeydiyyatdan imtina üçün əsasdır.
Həmçinin bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzası olan imza vərəqələri nə namizəd, nə də imza toplayan şəxs tərəfindən təsdiq edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə uyğun olaraq buraxılan səhvlərin düzəldilməsi üçün Ə. Ağayev dairə seçki komissiyasına dəvət olunsa da, o, heç bir üzrlü səbəb göstərmədən verilən imkandan istifadə etməmiş və bununla da Məcəllənin 59.9-cu maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr yaranmışdır.
Belə ki, Seçki Məcəlləsinin 59.9-cu maddəsinə əsasən imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.
Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
1. 28 saylı Sabunçu III seçki dairəsindən Bilgəh bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Ağayev Əlövsət Balamirzə oğlunun müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılov |