Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 27 noyabr 2009-cu il,
Saat 11.00
Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 56 saylı Xaçmaz Dairə seçki komissiyasının 21 noyabr 2009–cı il tarixli 24/2, 24/3, 24/4, 24/5, 24/6, 24/7, 24/8, 24/9, 24/10, 24/11 saylı qərarlarından Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətini araşdıraraq müəyyən etdim:
Şikayət Seçki Məcəlləsinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Mərkəzi Seçki Komissiyasına müraciət edərək bildirmişdir ki, 56 saylı Xaçmaz seçki dairəsinin Dairə Seçki Komissiyasının 21 noyabr 2009-cu il tarixli 24/2 nömrəli qərarı ilə bələdiyyə seçkilərində namizədliyi Müsavat Partiyası tərəfindən Niyazoba bələdiyyəsi üzrə irəli sürülmüş Mustafayev Bəhruz Abgül oğlunun, 24/3 və 24/6 nömrəli qərarları ilə Nərəcan bələdiyyəsi üzrə irəli sürülmüş namizədlər Əmrah Heybət Salman oğlu və Qurbanov Sahib İsmail oğlunun, 24/4 nömrəli qərarı ilə Köhnə Xudat bələdiyyəsi üzrə Hacıyev Bəşir Ənvər oğlunun, 24/5 nömrəli qərarı ilə Gödəkli bələdiyyəsi üzrə Çobanov Nəsib Səfər oğlunun,24/7 və 24/11 nömrəli qərarları ilə Mürşüdova bələdiyyəsi üzrə Yusifov Baba Əliheydər oğlu və Ramazanov Şövkət Əlişah oğlunun,24/8 nömrəli qərarı ilə Pirquluoba bələdiyyəsi üzrə Hacıyev Cavid İslam oğlunun, 24/9 nömrəli qərarı ilə Uzunova bələdiyyəsi üzrə Atamalıyev Hacıbala Hacıbala oğlunun, 24/10 nömrəli qərarı ilə Qusarçay bələdiyyəsi üzrə Abdullayev Gülbala Səfər oğlunun namizədliklərinin qeydə alınmasından əsassız olaraq imtina edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış və müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlar təqdim etməsi təklif edilmişdir. Eyni zamanda ona araşdırmada iştirak etmək hüququ barədə məlumat verilmişdir. Onun tərəfindən bildirilmişdir ki, göstərilən şəxslərin namizədliklərinin qeydə alınması üçün bütün zəruri sənədlər DSK –na təqdim olunmuşdur, təqdim olunacaq əlavə sənədləri yoxdur,ancaq müəyyən izahatlar və şifahi arayışlar verə bilər.
Araşdırılan müraciətlə əlaqədar 56 saylı Xaçmaz Seçki dairəsinin Dairə Seçki Komissiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliklərin qeydə alınmasına dair müraciətdə göstərilən namizədlərə aid DSK-na təqdim edilmiş sənədlər ekspert qrupunun üzvünə təqdim edilmişdir.
Araşdırma nəticəsində əldə edilən sübutlarla müəyyən edilmişdir ki, Dairə seçki komissiyasının mübahisələndirilən qərarlarında müvafiq bələdiyyələr üzrə namizədliklərin qeydə alınmasından imtina edilməsinə əsas kimi namizədlər tərəfindən əmlak vəziyyətinə dair məlumatlarda istifadələrində olan torpaq sahələrini göstərməmələri və namizədliyin qeydə alınması üçün tələb olunan imzaların kifayət etməməsi göstərilmişdir .
Araşdırma prosessində Mərkəzi Seçki Komissiyası tərəfindən seçki qanunvericiliyinə uyğun olaraq namizədliyin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələrində, habelə digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması üçün müvafiq icra hakimiyyəti orqanlarından cəlb edilmiş mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən müraciətdə göstərilən namizədlərə aid sənədlərdə olan məlumatların düzgünlüyü yoxlanılmışdır. Müəyyən edilmişdir ki, namizədliklərin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələrindəki etibarlı imzalar müvafiq bələdiyyələr üzrə həmin şəxslərin namizədliklərinin qeydə alınması üçün kifayət edəcək saydadır. Bundan əlavə namizədlərin mülkiyyət hüququ əsasında malik olduqları əmlaklara dair məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, dairə seçki komissiyası tərəfindən göstərilməməsi iddia edilən torpaq sahələrinin müəyyən arayışlarla həmin şəxslərin faktiki istifadəsində olması göstərilsədə, qeyd edilən torpaq sahələrinin mülkiyyət hüququ əsasında həmin namizədlərin mülkiyyətində olmasını təsdiq edən sənədlər olmamışdır.
Əldə edilmiş faktlar və sübutlarla bu qənaətə gəlinmişdir ki, səlahiyyətli nümayəndənin müraciəti əsaslıdır və təmin olunmalıdır. Müraciətdə göstərilən bələdiyyə üzvlüyünə namizədlərin namizədliklərinin qeydə alınmasından imtina edilməsinə dair Dairə Seçki Komissiyasının qərarları ləğv edilməli və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-60–cı maddələrinə uyğun olaraq həmin şəxslərin namizədlikləri müvafiq bələdiyyələr üzrə qeydə alınmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti təmin edilsin , 56 saylı Xaçmaz seçki dairəsinin dairə seçki komissiyasının müvafiq bələdiyyələr üzrə 21 noyabr 2009-cu il tarixli 24/2, 24/3, 24/4, 24/5, 24/6, 24/7, 24/8, 24/9, 24/10, 24/11 nömrəli qərarları ləğv edilsin.
2. Bələdiyyə üzvlüyünə namizədlikləri Müsavat Partiyası tərəfindən irəli sürülmüş Müstafayev Bəhruz Abgül oğlunun namizədliyi Niyazoba bələdiyyəsi üzrə, Əmrah Heybət Salman oğlu və Qurbanov Sahib İsmail oğlunun namizədlikləri Nərəcan bələdiyyəsi üzrə, Hacıyev Bəşir Ənvər oğlunun namizədliyi Köhnə Xudat bələdiyyəsi üzrə, Çobanov Nəsib Səfər oğlunun namizədliyi Gödəkli bələdiyyəsi üzrə,Yusifov Baba Əliheydər oğlunun namizədliyi Mürşüdova bələdiyyəsi üzrə, Hacıyev Cavid İslam oğlunun namizədliyi Pirquluoba bələdiyyəsi üzrə, Atamalıyev Hacıbala Hacıbala oğlunun namizədliyi Uzunova bələdiyyəsi üzrə, Abdullayev Gülbala Səfər oğlunun namizədliyi Qusarçay bələdiyyəsi üzrə, Ramazanov Şövkət Əlişah oğlunun namizədliyi Mürşüdoba bələdiyyəsi üzrə qeydə alınsın .
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internetdə yerləşdirilsin) və surəti səlahiyyətli nümayəndəyə göndərilsin.
Ekspert qrupunun üzvü Ramiz İbrahimov |