Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rafiq Abbasovun 27 saylı Sabunçu II seçki dairəsi üzrə Balaxanı bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Rzayev Teymur Balaxan oğlunun 24 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 47 saylı müraciətinə baxılması barədə
RƏYİ
Bakı şəhəri 26 noyabr 2009-cu il,
Saat 15-00
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 27 saylı Sabunçu II seçki dairəsi üzrə Balaxanı bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Rzayev Teymur Balaxan oğlu 24 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmasından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Mən, ekspert qrupunun üzvü Rafiq Abbasov noyabr 24 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş Balaxanı bələdiyyəsi üzvlüyünə namizəd Rzayev Teymur Balaxan oğlunun 47 saylı müraciətini araşdıraraq müəyyən etdim:
Müraciət Seçki Məcəlləsinin və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq adı çəkilən müraciət Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən araşdırılmışdır.
Araşdırma prosesində şikayətçi ilə telefon əlaqəsi saxlanılmış, ona araşdırmada iştirak etmək hüququnun olduğu bildirilmişdir. Həmçinin şikayətçiyə müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlar təqdim etməsi təklif edilmiş, lakin onun tərəfindən əlavə sübutlar təqdim olunmamışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini üçün müraciətin qanunla müəyyən olunmuş müddətdə, tam, obyektiv və qərəzsiz araşdırmağa çalışmışam.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, etibarlı hesab edilmiş seçici imzalarının sayı kifayət etməməklə yanaşı, seçici imzaları olan imza vərəqələri namizəd tərəfindən təsdiq edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.2-ci maddəsinin tələblərinə uyğun olaraq buraxılan səhvlərin düzəldilməsi üçün T.B.Rzayev dairə seçki komissiyasına dəvət olunsa da, o, heç bir üzrlü səbəb göstərmədən verilən imkandan istifadə etməmiş və bununla da Məcəllənin 59.9-cu maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr yaranmışdır.
Belə ki, Seçki Məcəlləsinin 59.9-ci maddəsinə əsasən imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19. 4-cü, 28. 2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 27 saylı Sabunçu II seçki dairəsi üzrə Balaxanı bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Rzayev Teymur Balaxan oğlunun 24 noyabr 2009-cu il tarixli 47 müraciəti əsassız olduğundan, təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti vətəndaşa göndərilsin.
Ekspert qrupunun üzvü Rafiq Abbasov |