. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Qabil Orucovun 2009-cu il  dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının şikayətinin araşdırılmasına dair

R Ə Y İ

         Bakı şəhəri                                                                                                                                                    14 noyabr 2009-cu il, Saat 12.00

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 13 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək bildirmişdir ki, 11 saylı Qaradağ seçki dairəsi üzrə namizədlikləri Müsavat Partiyası tərəfindən irəli sürülmüş bir qrup şəxslər Dərin Özüllər zavodunun direktoru və digər şəxslərin təzyiqi altında öz namizədliklərini geri götürmək məcburiyyətində qalmışlar.
Bununla əlaqədar G.Aslanlı müvafiq tədbir görülməsini xahiş etmişdir.
Şikayət  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında təlimata uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. G.Aslanlı bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur və şikayətin araşdırılması prosesində iştirak etmək arzusunda deyildir.
Daxil olmuş müraciətlə bağlı tərəfimdən araşdırma aparılmışdır. Araşdırma ilə əlaqədar şikayət üzrə adları çəkilən şəxslərlə əlaqə saxlanılmış, onlara öz namizədliklərini geri götürmələri üçün konkret hansı şəxslər tərəfindən təzyiqlər göstərilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur.
Lakin namizədliklərini geri götürmüş Novruz Əhmədov, Füzuli Fəttahov, Xanbala Qasımzadə və Akif Nəcəfli şikayətdə göstərilən faktların əksinə olaraq öz izahatları ilə bildirmişlər ki, onların namizədliklərini geri götürməsi ilə əlaqədar heç bir şəxs tərədindən təzyiqə məruz qalmamışlar və bu hərəkəti öz iradəsi əsasında etmişlər.
Araşdırma nəticəsində müəyyən edilmiş faktları ümumiləşdirərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat”ın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən    r ə y ə    g ə l d i m:

1. Şikayət əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.



Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü                                                                                                                                                      Qabil Orucov            


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası