. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Ümid Partiyası tərəfindən təyin edilən səlahiyyətli nümayəndələrin 24 noyabr 2009-cu il tarixli 58 saylı şikayətinin araşdırılmasına dair

R Ə Y İ

   Bakı şəhəri                                                                                                                                                       27 noyabr 2009-cu il, saat 11.30

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Azərbaycan Ümid Partiyası tərəfindən 26 saylı Sabunçu I seçki dairəsi üzrə Bakıxanov bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Abdullayev Rəşid Nizami oğlunun, İbrahimov İlqar Əli oğlunun, 27 saylı Sabunçu II seçki dairəsi üzrə Kürdəxanı bələdiyyəsinə namizədliyi irəli sürülmüş Mirzəyev Zakir İdris oğlunun, 28 saylı Sabunçu III seçki dairəsi üzrə Maştağa bələdiyyəsinə namizədlikləri irəli sürülmüş Babayev Ramil Kamil oğlunun və Xəlilov Ələmdar Tofiq oğlunun, 30 saylı Suraxanı I seçki dairəsi üzrə Hövsan bələdiyyəsinə namizədliyi irəli sürülmüş Qadiyev Əlifağa Əlövsət oğlunun, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə Novxanı bələdiyyəsinə namizədliyi irəli sürülmüş Əsgərov Ceyhun Əsgər oğlunun və Cabbarov Balakişi Ərşad oğlunun, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Hacıbəyli bələdiyyəsinə namizədliyi irəli sürülmüş Cəfərov İsmayıl Əliş oğlunun, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə Əliyanlı bələdiyyəsinə namizədliyi irəli sürülmüş Əsgərov Amil Musa oğlunun, Əsədov Eldar Tofiq oğlunun, Körpüsındıran bələdiyyəsinə namizədlikləri irəli sürülmüş Hüseynov Möhübbət Məhəmməd oğlunun, Otuzikilər bələdiyyəsinə namizədliyi irəli sürülmüş Salmanov İsa Əhliman oğlunun, 109 saylı Balakən seçki dairəsi üzrə Qazma bələdiyyəsinə namizədliyi irəli sürülmüş İrazov Cahangir Soltanəziz oğlunun və Muradov Abdulla Qurbanhacı oğlunun, 110 saylı Zaqatala seçki dairəsi üzrə Yuxarı Çardaxlar bələdiyyəsinə namizədliyi irəli sürülmüş Mustafayeva Yaqut Üzeyir qızının namizədliklərinin qeydiyyatından adları çəkilən seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən qanunsuz imtina edilməsini bildirmişlər və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmışdır.
Araşdırma prosesində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış, onlara əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. Səlahiyyətli nümayəndələr, müraciətdə göstərdikləri məlumatdan başqa, əlavə olaraq təqdim edəcəkləri sübutların olmamasını bildirmişlər.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyalarının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarları ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədliklər qeydə alınmalıdır. 
Yuxarıda göstərilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m: 

1. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin 24 noyabr 2009-cu il tarixli 58 saylı müraciəti əsaslı olduğundan təmin edilərək rəyin təsviri hissəsində adları çəkilən dairə seçki komissiyalarının müvafiq qərarları ləğv edilsin.
2. Rəyin təsviri hissəsində adları çəkilən bələdiyyə üzvlüyünə namizədlərin müvafiq bələdiyyələr üzrə namizədlikləri qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                                                                                                  Ramiz İbrahimov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası