. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Validə Kazımova 2009-cu il  dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətinin araşdırılmasına dair

R Ə Y

         Bakı şəhəri                                                                                                                                          15 noyabr 2009-cu il, Saat 12.00

2009-cu il  dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürülmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2009-cu il noyabrın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 63 saylı Sabirabad seçki dairəsi üzrə Qalağayı bələdiyyəsinə namizədliyini irəli sürülmüş Əliquliyev Elxan Hacı oğluna kənd icra nümayəndəsi Zülfəli Musayev tərəfindən namizədliyinin geri götürülməsi məqsədilə qanunsuz təzyiq göstərdiyini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. O bildirmişdir ki, müraciətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Daxil olmuş müraciətlə bağlı tərəfimdən araşdırma aparılmışdır.
63 saylı Sabirabad seçki dairəsi dairə seçki komissiyasının sədri Məstəli Nuriyevin imzası ilə daxil olmuş 13 noyabr 2009-cu il tarixli 179№-li məktubdan görünür ki, Müsavat Partiyası tərəfindən  yuxarıda adı çəkilən dairənin ərazisində yerləşən Qalağayın bələdiyyəsi üzrə Əliquliyev Elxan Hacı oğlunun namizədliyini irəli sürməsi üçün seçki qanunvericiliyində nəzərdə tutulan bildiriş və öhdəlik ərizəsi təqdim edilmişdir. Həmin sənədlərə dairə seçki komissiyasında 7 noyabr 2009-cu il tarixdə baxılmış və Elxan Əliquliyevə imza vərəqələrinin verilməsi barədə qərar qəbul edilmişdir. Lakin Əliquliyev Elxan Hacı oğlu imza vərəqələrini Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək, yəni 13 noyabr saat     18-dək dairə seçki komissiyasına qaytarmamışdır.
Kənd icra nümayəndəsi Zülfəli Musayev yazılı verilmiş izahatından görünür ki, onun tərəfindən Müsavat Partiyası tərəfindən bələdiyə üzvülüyünə namizədliyi  irəli sürülmüş Əliquliyev Elxan Hacı oğluna heç bir hədə-qorxu olmayıbdır.
Eyni zamanda müəyyən olundu ki, vətəndaş Əliquliyev E.H. şikayəti MSK-ya daxil olmamışdır.
15 noyabr 2009-cu il Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına bələdiyyə üzvlüyünə namizədliyi  irəli sürülmüş Əliquliyev Elxan Hacı oğlu tərəfindən daxil olmuş ərizədən görünür ki, yuxarıda göstərilən dairə seçki komissiyasına heç bir sənəd təqdim etməyib və heç bir şikayəti yoxdur.          
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən    r ə y ə    g ə l d i m:

1. 2009-cu il dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasının növbəti  bələdiyyə seçkiləri üzrə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının vətəndaşların seçki hüququnun pozulmasına dair müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.



Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü                                                                                                                                                          Validə Kazımova


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası