Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Iradə Hacıyevanın 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsiGülağa Aslanlının şikayətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 14 noyabr 2009-cu il , saat 16.30
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 13 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin partiya tərəfindən 86 saylı İsmayıllı seçki dairəsi üzrə Tircan bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Abdulov Mirzalı Fərzalı oğlunun İsmayıllı rayon Təhsil şöbəsinin Hərbi işlər üzrə metodisti tərəfindən şöbəyə çağırılaraq namizədliyini geri götürməsi və əks təqdirdə tutduğu vəzifədən uzaqlaşdırılacağı ilə təhdid edilməsini, habelə Hərbi Komissarlıqda və İcra Hakimiyyətində də mənəvi təzyiqlərə məruz qaldığını bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. G.Aslanlı bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Daxil olmuş şikayətlə bağlı tərəfimdən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Abdulov Mirzalı Fərzalı oğlunun namizədliyi Müsavat Partiyası tərəfindən 4 noyabr 2009-cu il tarixdə irəli sürülmüş və həmin gün də dairə seçki komissiyasının qərarı ilə namizədliyin irəli sürülməsinin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq namizədin müdafiəsi üçün seçici imzaları toplamaqdan ötrü namizədə imza vərəqələri verilmişdir. 10 noyabr 2009-cu il tarixdə Abdulov Mirzalı Fərzalı oğlu namizədliyinin irəli sürülməsinin ləğv edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etmişdir. Dairə seçki komissiyası öz iclasında həmin ərizəyə baxaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 73-1.1-ci maddəsini rəhbər tutaraq müraciəti təmin etmişdir.
M.F.Abdulovun namizədliyinin ləğv edilməsinə dair ərizəsindən, araşdırma zamanı bu hala dair yazdığı izahatından, o cümlədən dairə seçki komissiyası sədrinin arayışından məlum olmuşdur ki, namizədliyinin geri götürülməsi könüllü olmuş, bununla əlaqədar ona heç bir təzyiq göstərilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-ci və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü İradə Hacıyeva |