2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Ağayev Salman Malik oğlunun 22 dekabr 2009-cu il tarixli 89 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Saatlı rayonu, Seyidlər kənd sakini Ağayev Salman Malik oğlu 2009-cu il dekabrın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Saatlı Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən seçki hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsini və həmin seçki ərazisində nəzarətin gücləndirilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, Ağayev Salman Malik oğlunun müraciətini qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz surətdə araşdırmışdır.
Araşdırma nəticəsində müraciətin dairə seçki komissiyasının səlahiyyətlərinə aid olması müəyyən edildiyindən, həmin müraciət araşdırılması və araşdırılmanın nəticəsi barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyasına göndərilməlidir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 31.1.1-ci maddəsinə əsasən dairə seçki komissiyaları müvafiq seçki dairələrinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına nəzarət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.3-cü və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyatı üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
1. Vətəndaş Ağayev Salman Malik oğlunun 22 dekabr 2009-cu il tarixli 89 saylı müraciəti qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə araşdırılması üçün 65 saylı Saatlı – Sabirabad – Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Müvafiq dairə seçki komissiyası tərəfindən bu qərarın icrası barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli
|