2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə
üzvlüyünə namizədlər Rəhimov Fərman Nurəli oğlunun və Ağayev Ramiz
Başi oğlunun 22 dekabr 2009-cu il tarixli 82 və 85 saylı müraciətlərinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 78 saylı Lerik-Lənkəran seçki dairəsi üzrə Veri bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüş Rəhimov Fərman Nurəli oğlu və Ağayev Ramiz Başi oğlu 2009-cu il dekabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, səsvermə günü seçki prosesinə qanunsuz müdaxilənin olması ehtimalını bildirib, Mərkəzi Seçki Komissiyasından Veri bələdiyyəsini əhatə edən müvafiq seçki məntəqələrində səsvermə prosesinin nəzarətə götürülməsini xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, vətəndaşların müraciətlərini qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz surətdə araşdırmışdır.
Araşdırma nəticəsində müraciətlərin qanuni olduğu müəyyən edildiyindən, müraciətlər təmin edilməli, seçkilərdə səsvermə prosesi və səsvermənin nəticələrinin müəyyən edilməsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması həm də dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğundan, həmin seçki ərazisində nəzarətin gücləndirilməsi müvafiq dairə seçki komissiyasına həvalə edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 31.1.1-ci maddəsinə əsasən dairə seçki komissiyaları müvafiq seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının riayət olunmasına nəzarət edir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Veri bələdiyyəsinin üzvlüyünə namizədlər Rəhimov Fərman Nurəli oğlu və Ağayev Ramiz Başi oğlunun 21 dekabr 2009-cu il tarixli 82 və 85 saylı müraciətləri təmin edilərək, Veri bələdiyyəsinə seçkilər zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə nəzarətin gücləndirilməsi 78 saylı Lerik-Lənkəran seçki dairəsi dairə seçki komissiyasına həvalə edilsin.
2. Müvafiq dairə seçki komissiyası tərəfindən bu qərarın icrası barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli
|