2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
vətəndaş Mustafayev Rüfət Əlikram oğlu və Nəzərov Yamin İsmi
oğlunun 21 dekabr 2009-cu il tarixli 80 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Mustafayev Rüfət Əlikram oğlu və Nəzərov Yamin İsmi oğlu 2009-cu il dekabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 27 saylı Sabunçu II seçki dairəsi üzrə Kürdəxanı bələdiyyəsinin üzvlüyünə namizədlər A.Kərimov, A.Ağayev və M.Abdullayevin namizədliklərinin qeydə alınması zamanı qanunsuzluqlara yol veriməsini bildirmiş və qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması barədə qərarlar dairə seçki komissiyası tərəfindən 2009-cu il noyabrın 3-də qəbul edilmiş və dərhal maraqlı şəxslərə çatdırılmışdır.
Müraciətin verilmə tarixindən müəyyən olunur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü şikayətin geri qaytarılması barədə rəy vermişdir.
Belə ki, yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Ona görə də dairə seçki komissiyasının qeyd edilən qərarlarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində Mustafayev Rüfət Əlikram oğlu və Nəzərov Yamin İsmi oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 dekabr 2009-cu il tarixli 80 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli
|