2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Düyərli bələdiyyəsinin üzvlüyünə bir qrup namizədin 18 dekabr 2009-cu il tarixli 75 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə Düyərli bələdiyyəsinin üzvlüyünə namizədlər Tağiyev Zakir Qədim oğlu və digərləri 2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Düyərli bələdiyyəsinin üzvlüyünə namizəd Cəfərov Vahid Fazil oğlu və digər namizədlərin qanunsuz seçkiqabağı təşviqat aparmalarını bildirmiş və qanunla müəyyən olunmuş qaydada tədbirlər görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, kollektiv müraciət qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz surətdə araşdırmışdır.
Araşdırma nəticəsində müraciətin təmin edilməsi və aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməlisi qənaətinə gəlinmişdir.
Belə ki, bələdiyyə seçkiləri zamanı təşviqat subyektləri tərəfindən seçkiqabağı təşviqat müvafiq bələdiyyənin ərazisində həyata keçirilir və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.4.3-cü maddəsinə əsasən seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədlər üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə nəzarət dairə seçki komissiyasının səlahiyyətlərinə aiddir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin və yuxarıda qeyd edilən Təlimatın 8.6-cı bəndinə əsasən şikayət və ya müraciət aiddiyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən q ə r a r a a l ı r :
1. Düyərli bələdiyyəsinin üzvlüyünə namizədlər Tağıyev Zakir Qədim oğlu və digərlərinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 dekabr 2009-cu il tarixli 75 saylı müraciət təmin edilərək, aidiyyəti üzrə 99 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli
|