. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Mustafayev Rüfət
Əlikram oğlunun 18 dekabr 2009-cu il tarixli 67 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 27 saylı Sabunçu II seçki dairəsi üzrə Kürdəxanı bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Mustafayev Rüfət Əlikram oğlu 2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.    
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki,  bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərar dairə seçki komissiyası tərəfindən 2009-cu il noyabrın 19-da qəbul edilmiş və dərhal maraqlı şəxsə çatdırılmışdır.
Müraciətdən və ona əlavə edilmiş sənədlərdən aydın görünür ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də  ekspert qrupunun üzvü şikayətin geri qaytarılması barədə rəy vermişdir.
Belə ki, yuxarıda gəstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən  keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.       
Ona görə də dairə seçki komissiyasının qeyd edilən qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, müraciət mahiyyəti üzrə araşdırılmadan geri qaytarılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində vətəndaş Mustafayev Rüfət Əlikram oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti 67 saylı qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası