2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Ağayev Çərkəz Mustafa
oğlunun 18 dekabr 2009-cu il tarixli 69 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 82 saylı Ağcabədi seçki dairəsi üzrə Ağcabədi bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Ağayev Çərkəz Mustafa oğlu 2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Ağcabədi bələdiyyəsinin üzvlüyünə namizədlər Bədəlov Həbib Vəli oğlu və Nağıyev Ramil Bəbir oğlunun namizədliklərinin qeydə alınması haqqında adı çəkilən dairə seçki komissiyasının müvafiq qərarlarının ləğv olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması barədə qərar dairə seçki komissiyası tərəfindən 2009-cu il noyabrın 02-də qəbul edilmiş və dərhal maraqlı şəxslərə çatdırılmışdır.
Müraciətdən aydın görünür ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü şikayətin geri qaytarılması barədə rəy vermişdir.
Belə ki, yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Ona görə də dairə seçki komissiyasının qeyd edilən qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində vətəndaş Ağayev Çərkəz Mustafa oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 69 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli
|