2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası
və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 03 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların akkreditasiyalarına dair tələbləri müəyyən etmişdir. Həmin Qaydaların 1-ci və 3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.23, 28.2 və 28.4-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınsınlar.
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli
|