2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
bələdiyyə üzvlüyünə namizəd Tünzalə Ələddin qızı Məhərrəmovanın
21 noyabr 2009-cu il tarixli 28 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 38 saylı Nizami II (Gəncə) seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş Məhərrəmova Tünzalə Ələddin qızı 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydə alınması üçün tələb edilən sənədləri gec təqdim etdiyinə görə adı çəkilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən onların baxılmamış saxlandığını bildirmiş və bununla əlaqədar namizədliyinin qeydə alınmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, bələdiyyə üzvlüyünə namizədin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, namizəd sənədlərini dairə seçki komissiyasına Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsində göstərilən müddət keçdikdən sonra, səsvermə gününə ən çoxu 65 gün və ən azı 40 gün qalmış (saat 18.00-dək), yəni 13 noyabr saat 18.40-da təhvil vermişdir. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən göstərilən müddət başa çatandan sonra təqdim olunmuş sənədlər qəbul edilmir.
Bu səbəbdən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş T.Ə.Məhərrəmovanın namizədliyinin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim etdiyi sənədlərin baxılmamış saxlanılması haqqında 38 saylı Nizami II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müraciət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın” 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Bələdiyyə üzvlüyünə namizəd Məhərrəmova Tünzalə Ələddin qızının 21 noyabr 2009-cu il tarixli 28 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli
|