2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 36 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədlikləri həmin partiya tərəfindən 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Zaqatala bələdiyyəsinin üzvlüyünə irəli sürülmüş Babayeva Ulduz Ustarovna və Əhmədova Mətanət Cuma qızının namizədliklərinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, səlahiyyətli nümayəndənin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma prosesində səlahiyyətli nümayəndə ilə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydiyyatından imtinanın əsası kimi etibarlı seçici imzalarının kifayət etməməsini götürmüşdür. Seçici imzalarının etibarlılığının müəyyən edilməsi üçün Mərkəzi Seçki Komissiyası bu sahədə xüsusi biliklərə malik olan ekspertləri dəvət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin eksperti və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssislərinin verdikləri rəylərə əsasən Babayeva Ulduz Ustarovnanın qeydə alınması üçün təqdim olunmuş 95 seçici imzasından 87-i, Əhmədova Mətanət Cuma qızının qeydə alınması üçün təqdim olunmuş 99 seçici imzasından isə 75-i etibarlı hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.1-ci maddəsinə əsasən əhalisi 9.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 50 seçici imzası toplamalıdır. Ona görə də müraciət əsaslı hesab edilməli, dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməli, həmin şəxslərin namizədlikləri irəli sürüldükləri bələdiyyələrə qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 36 saylı müraciəti əsaslı olduğundan, təmin edilərək 111 saylı Zaqatala-Balakən seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Zaqatala bələdiyyəsinin üzvlüyünə namizədlər Babayeva Ulduz Ustarovna və Əhmədova Mətanət Cuma qızının namizədlikləri qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|