2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının
səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 29 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 41 saylı Sumqayıt I seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş İlyasov Rasim Valeh oğlu, 42 saylı Sumqayıt II seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüş Şəmiyev Vahid Bayram oğlu, Feyziyev Vidadi Qabil oğlu, Abbas Fəxrəddin Həmid oğlu və 43 saylı Sumqayıt III seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüş Fətullayev Ruslan Ramil oğlu, Bağırov Sərvər Hüseyn oğlu və Əsədbəyli Bəhruz Sabir oğlunun namizədliklərinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, səlahiyyətli nümayəndənin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma prosesində səlahiyyətli nümayəndə ilə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeydiyyatından imtina edilməsi iddia edilən Abbas Fəxrəddin Həmid oğlunun namizədliyi dairə seçki komissiyası tərəfindən qeydə alınsa da, səlahiyyətli nümayəndə Mərkəzi Seçki Komissiyasına göndərdiyi şikayətdə onun da namizədliyinin qeydiyyatından dairə seçki komissiyası tərəfindən imtina edildiyi göstərilmişdir.
Eyni zamanda o da müəyyən olunmuşdur ki, seçici imzalar yoxlanılarkən eyni bələdiyyəyə seçkilərdə səs verəcək seçicilərin bir qisminin imzaları həmin bələdiyyənin ərazisində yerləşən digər seçki dairəsinin hüdudlarında toplanıldığından dairə seçki komissiyaları tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215-ci maddənin tələbləri düzgün tətbiq edilməyərək etibarsız hesab edilmişdir. Nəticədə qeydə alınma üçün lazım olan etibarlı imzaların sayı azalmışdır. Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlama aparılarkən həmin qüsur aradan qaldırılaraq nəticədə sözügedən namizədlərin qeydiyyatı üçün əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 29 saylı müraciəti qismən təmin edilsin.
2. Bələdiyyə üzvlüyünə namizədliyi müvafiq dairə seçki komissiyaları tərəfindən qeydə alınmış Abbas Fəxrəddin Həmid oğlu istisna olmaqla, adları qərarın təsviri hissəsində göstərilmiş Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədlərin namizədlikləri qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|